EN

Tələbələr nadir əlyazmalarla bağlı məlumatlandırılıb

Yazını böyüt
Yazını kiçilt

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində növbəti seminar keçirilib.

Hafta.az xəbər verir ki, İnstitutun məlumatına görə, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universiteti tələbələrinin, o cümlədən “Könüllülük” layihəsi iştirakçılarının qatıldığı seminarda Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi Samirə Əliyevanın “Azərbaycan əlyazma kitabı” mövzusunda mühazirəsi dinlənilib. Alim çıxışında Azərbaycan əlyazmaları, xarici muzey və kitabxanalarda saxlanılan azərbaycanlı müəlliflərin əlyazmaları, o cümlədən Vatikan Məxfi Arxivlər Kitabxanasında və Vatikan Apostolik Kitabxanasında saxlanılan Azərbaycana dair əlyazmalar haqqında müfəssəl məlumat verib.

Təqdim olunan məruzədə UNESCO-nun “Dünya Yaddaşı” siyahısına daxil edilmiş, Əlyazmalar İnstitutunda mühafizə olunan Azərbaycana aid 5 unikal əlyazma - Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” (“Nizamşahın ehtiyatları”), Əbülqasım Zəhravinin cərrahiyəyə dair “Əl-məqələtus-səlasim” (“Otuzuncu traktat”), İbn Sinanın “Əl-qanun fit-tibb” (“Tibbi qanun”), Məhəmməd Füzulinin anadilli “Divan”ı və xan qızı Xurşidbanu Natəvanın “Gül dəftəri” haqqında da ətraflı məlumat verilib.

Qeyd edək ki, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

Chosen
30
1
hafta.az

2Sources