EN

Bu il kümçülərə 6491 qutu ipəkqurdu toxumunun inkubasiya olunaraq paylanılması nəzərdə tutulur

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qax, 28 aprel, AZƏRTAC

Builki mövsümdə yaş barama istehsalı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən alınaraq ölkəmizə gətirilən 6040 qutu hibrid ipəkqurdu sənaye toxumu (qrena) inkubasiyaya qoyulmaq üçün Qax Damazlıq İpəkçilik Stansiyasına gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri Damazlıq İpəkçilik Stansiyasında olub, inkubasiya olunacaq ipəkqurdu toxumunun məntəqələr üzrə paylanılması bölgüsü ilə maraqlanıb.

Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, 2025-ci ildə Qax Damazlıq İpəkçilik Stansiyasında builki mövsümdə kümçülərə paylanılmaq üçün yerli istehsal hesabına 451 hibrid sənaye tut ipəkqurdu toxumu hazırlanıb. Beləliklə, bu il respublika üzrə kümçülərə 6491 qutu ipəkqurdu toxumunun inkubasiya olunaraq paylanılması nəzərdə tutulur.

Direktorun sözlərinə görə, builki mövsümdə respublikanın 40 rayonunda, həmçinin Naxçıvan Muxtar Respublikasının rayonlarında barama yetişdiriləcək. Kümçülərə paylanılması nəzərdə tutulan ipəkqurdu toxumunun 5191 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 800 qutusu Zərdab və 450 qutusu Zaqatala rayonlarındakı baramaqurutma məntəqələrində inkubasiyaya qoyulacaq. Naxçıvana isə 50 qutu ipəkqurdu toxumu göndəriləcək.

Bu il Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunacaq ipəkqurdu toxumunun hava şəraiti ilə əlaqədar bir mərhələdə, yəni mayın 5-dən 8-dək həm Aran bölgəsində, həm də dağlıq və dağətəyi ərazidə yerləşən rayonların kümçülərinə paylanılması nəzərdə tutulur. Ümumiyyətlə, Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunacaq ipəkqurdu toxumu 36 rayonun kümçülərinə paylanılacaq.

Müxbir – Mustafa Dadaşov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
1
azertag.az

2Sources