EN

Nazir: Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilib

Bakı, 28 aprel, AZƏRTAC

Akademik Zərifə Əliyevanın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə öz əksini tapıb. Bununla yanaşı, böyük alim 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Akademikin uğurlu elmi fəaliyyətinin əsas mahiyyəti yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, problemin həllinə xüsusi yanaşma bacarığının olmasından ibarətdir. Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev akademik Zərifə Əliyevanın 103 illiyinə və Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Hazırda Azərbaycan səhiyyəsinin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində inkişaf etdiyini bildirən T. Musayev fikirlərinə belə davam edib: "Bu tərəqqi yolunda ən qabaqcıl mövqe tutan elmi-tibbi müəssisələrdən biri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzidir. Keçmişin zəngin elmi irsi və qazanılmış təcrübə mərkəzin müasir inkişaf mərhələsinə zəmin yaradıb. Tarixi nailiyyətlər üzərində formalaşan möhkəm təməlləri olan mərkəz müasir dövrdə yeni inkişaf mərhələsinə keçib. Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti sübut edir ki, müasir səhiyyə yalnız texnologiya və biliklə deyil, həm də insanlara yaxın olmaq, onların ehtiyaclarını hiss etmək və vaxtında dəstək göstərmək bacarığı ilə ölçülür. Zərifə xanım Əliyevanın adını daşıyan bu müqəddəs ocaq, əslində, təkcə bir tibb müəssisəsi deyil, bir missiyadır. Bu missiya insanlara işıq bəxş etmək və sağlam gələcəyin təmin olunmasına xidmət etməkdir."

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Tofiq Babayev
Videooperator - Ceyhun Mustafayev
Chosen
36
1
azertag.az

2Sources