EN

1 May Tramp üçün kritik tarixdir: İran əməliyyatları dayandırılacaq?

ABŞ prezidenti Donald Trampın İranla bağlı hərbi əməliyyatları davam etdirməsi baxımından 1 may tarixi mühüm əhəmiyyət daşıyır.

Belə ki, 1973-cü il Müharibə Səlahiyyətləri Qanununa əsasən prezidentin Konqres təsdiqi olmadan hərbi əməliyyat aparması üçün nəzərdə tutulan 60 günlük müddət həmin gün başa çatır.

Vaşinqtonda hazırda əsas müzakirə mövzusu əməliyyatların bu tarixdən sonra Konqresin razılığı olmadan necə davam etdirilə biləcəyidir.

Qanun nə deyir?

Vyetnam müharibəsindən sonra prezidentin hərbi səlahiyyətlərini məhdudlaşdırmaq məqsədilə qəbul edilən qanuna əsasən, ABŞ prezidenti hərbi əməliyyatların başlanmasından sonra 48 saat ərzində Konqresi məlumatlandırmalıdır.
Sənədə görə, prezident Konqresin rəsmi icazəsini almadan qoşunları maksimum 60 gün münaqişə zonasına yerləşdirə bilər. Bundan əlavə, təhlükəsiz geriçəkilmə üçün birdəfəlik 30 günlük uzadılma mümkündür. Ümumilikdə 90 günün tamamında Konqres razılıq verməzsə, qoşunlar geri çəkilməlidir.
Konqresdə qeyri-müəyyənlik davam edir
Tramp administrasiyasının İran əməliyyatları üçün Konqresdən dəstək alıb-almayacağı hələ də sual altındadır. Aprelin 15-də Senatda prezidentin səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qanun layihəsi 52-yə qarşı 47 səslə rədd edilib.
Respublikaçı senatorların əksəriyyəti Trampı dəstəkləsə də, əməliyyatların genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı narahatlıq yaradır. Bəzi senatorlar 60 günlük müddət başa çatdıqdan sonra mövqelərini dəyişə biləcəklərinə işarə ediblər.
Trampın mümkün hüquqi yolları

ABŞ prezidentlərinin əvvəlki təcrübəsinə əsasən, Müharibə Səlahiyyətləri Qanununu müxtəlif hüquqi əsaslarla aşmaq mümkün olub. Tramp üçün də bir neçə variant göstərilir:

AUMF səlahiyyətləri: 2001 və 2002-ci illərdə qəbul edilən Hərbi Qüvvələrdən İstifadəyə İcazə sənədləri prezidentə terrorla mübarizə adı altında geniş imkanlar verir. Tramp 2020-ci ildə Qasım Süleymaninin öldürülməsi əməliyyatında da bu əsasdan istifadə etmişdi.

“Münaqişə” anlayışının şərhi: Obama administrasiyası 2011-ci ildə Liviyaya müdaxilə zamanı əməliyyatların “aktiv münaqişə” sayılmadığını iddia etmişdi.
Konstitusiya arqumenti: Bir sıra keçmiş prezidentlər bu qanunun prezidentin ali baş komandan səlahiyyətlərini məhdudlaşdırdığını bildirərək onun konstitusiyaya zidd olduğunu müdafiə ediblər.

Bölgədə gərginlik qalır

8 apreldə ABŞ və İran arasında elan edilən və daha sonra uzadılan atəşkəsə baxmayaraq, Fars körfəzi bölgəsində vəziyyət sabit deyil. Son günlər ABŞ Hərbi Dəniz Qüvvələrinin İran gəmisini ələ keçirdiyi, İranın isə iki ticarət gəmisini saxladığı bildirilir.
Analitiklərin fikrincə, müharibə ABŞ ictimaiyyətində populyar olmasa da, Tramp siyasi məğlubiyyət görüntüsü yaratmamaq üçün əməliyyatları blokada, xüsusi əməliyyat və ya məhdud hərbi addımlar formasında davam etdirə bilər.

Qarşıdan gələn aralıq seçkilər fonunda isə bu böhranın Respublikaçılar Partiyası üçün əlavə siyasi təzyiq yaradacağı qeyd olunur.

Chosen
42
veteninfo.az

1Sources