“Bu yanaşma Avropa İttifaqı məkanında Azərbaycanın artan rolunun, xüsusilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində etibarlı tərəfdaş kimi qəbul edilməsinin növbəti təsdiqidir. Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olması barədə səsləndirilən fikir təsadüfi deyil. Son illər ölkəmizin regional proseslərdə artan təsir imkanları, müstəqil xarici siyasət kursu və strateji təşəbbüsləri beynəlxalq miqyasda Azərbaycanı mühüm aktora çevirib. Səfərin xüsusi diqqət çəkən istiqamətlərindən biri müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri oldu. Prezident İlham Əliyevin Çexiya ilə birgə istehsal layihələri üzərində danışıqlar aparıldığını bəyan etməsi münasibətlərdə yeni keyfiyyət mərhələsinin başlandığını göstərir. Bu, sadəcə məhsul alqı-satqısı deyil, texnologiya transferi, sənaye kooperasiyası və uzunmüddətli strateji əməkdaşlıq modelidir. Azərbaycanın son illər yerli müdafiə sənayesinin gücləndirilməsi istiqamətində atdığı addımlar bu əməkdaşlıq üçün ciddi zəmin yaradır. Çexiyanın bu sahədə zəngin təcrübəsi, texnoloji potensialı və müdafiə sənayesi ənənələri ilə Azərbaycanın artan istehsal imkanlarının birləşməsi qarşılıqlı faydalı sinerji formalaşdırır. Bu əməkdaşlıq həm Azərbaycanın müdafiə potensialını gücləndirə, həm də iki ölkə arasında sənaye tərəfdaşlığını daha dərin müstəviyə keçirə bilər. Burada mühüm məqam ondan ibarətdir ki, hərbi-sənaye əməkdaşlığı siyasi etimad olmadan mümkün deyil. Bu isə o deməkdir ki, Bakı ilə Praqa arasında münasibətlər artıq yüksək etimad mərhələsinə daxil olub. Bu amil Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişlənməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir”.