EN

Kanada ABŞ-dən asılılığı azaltmaq üçün milli rifah fondu yaradır

Kanadanın Baş naziri Mark Karni 18 milyard dollar ilkin kapitalla təmin olunacaq suveren rifah fondunun yaradıldığını elan edib. “The New York Times” yazır ki, bu addım Kanada hakimiyyətinin planına görə iqtisadiyyatı gücləndirməyə və uzunmüddətli perspektivdə ABŞ-dən asılılığı azaltmağa kömək edəcək.

Fond Kanada infrastrukturuna investisiyalara ixtisaslaşacaq və özəl şirkət kimi idarə olunacaq. Kanada vətəndaşları da bu fonda sərmayə qoya biləcəklər. “Bu, Kanada hökumətinin fondudur, lakin daha önəmlisi, bu, xalq fondu olacaq. Təbii resurslarla zəngin bir çox ölkələr, məsələn Norveç, belə fondlara malikdir. Kanada isə indiyədək buna sahib olmayıb”, — deyə Karni bildirib.

Onun sözlərinə görə, fond boru kəmərlərinin, limanların, yeni atom elektrik stansiyalarının və yüksək sürətli sərnişin dəmir yolu xəttinin tikintisi kimi iri infrastruktur layihələrini dəstəkləyəcək.

“The New York Times” qeyd edir ki, hələlik fondun necə maliyyələşdiriləcəyi məlum deyil. Norveçdə analoji struktur neft gəlirlərini toplayır. Kanadada isə təbii resurslar neft şirkətlərinin ödədiyi royaltiləri yığan əyalətlərə məxsusdur.

Kanadada 1976-cı ildə Alberta əyaləti bazasında milli rifah fondu yaratmaq cəhdi edilmişdi. Lakin növbəti onillikdə əyalət fonda neft royaltilərindən hər hansı gəlirin köçürülməsini dayandırmışdı. Ötən ilin sonuna Alberta fondunun aktivləri təxminən 32 milyard dollar təşkil edirdi.

Chosen
9
50
banker.az

10Sources