EN

WSJ: Tramp İranın danışıqlar təklifinə şübhə ilə yanaşır

Bakı, 28 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik komandası İranın üçmərhələli danışıqlar planına şübhə ilə yanaşdıqlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ administrasiyasının adı açıqlanmayan rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, Ağ Evin rəhbəri Tehranın təklifini birbaşa rədd etməyib, lakin hesab edir ki, İran Vaşinqtonun əsas tələbi olan uranın zənginləşdirilməsindən imtina etmək niyyətində deyil.

Nəşr qeyd edir ki, ABŞ İranla danışıqları davam etdirməyi və yaxın günlərdə İslam Respublikasının planına cavab olaraq öz təkliflərini təqdim etməyi planlaşdırır.

Daha əvvəl “Əl-Mayadeen” telekanalı İranın vasitəçilər vasitəsilə ABŞ ilə danışıqlara hazır olduğunu və bunun üçün üçmərhələli plan təqdim etdiyini bildirmişdi. Məlumata görə, Tehran danışıqların birinci mərhələsinin müharibənin başa çatmasına və İranla Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin alınmasına həsr olunmasını istəyir. İkinci mərhələdə münaqişədən sonra Hörmüz boğazının idarə olunması məsələsinin müzakirəsi nəzərdə tutulur. Üçüncü mərhələdə isə İranın nüvə proqramı gündəmə gətirilməlidir.

Vurğulanır ki, İran əvvəlki iki məsələ üzrə razılıq əldə olunmadan nüvə dosyesinin müzakirəsinə başlamaq niyyətində deyil.

Chosen
27
5
azertag.az

10Sources