EN

Mərkəzi Seçki Komissiyasına sədr, müavin və katiblər seçildi

Aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

 

Senzor.az bildirir ki, iclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edib.

 

Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin formalaşdırılmasının dövlətimizin demokratik təsisatlarının varisliyini və siyasi hüquqi sistemin dayanıqlığını ifadə etdiyini bildirən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycanın demokratik inkişafında seçkilər və ümumxalq səsvermələri böyük rol oynayır.

 

“Seçkilər xalqın iradəsinin ifadə olunmasının fundamental mexanizmi, cəmiyyətin, dövlət institutlarının etimadının möhkəmləndirilməsinin mühüm vasitəsidir. Bu baxımdan seçkilərin qanunauyğun şəkildə hazırlanıb keçirilməsi vacib məsələdir. Ölkənin demokratik inkişaf səviyyəsi seçkilərin nə dərəcədə şəffaf təşkil edilməsindən asılıdır. Dünya sürətlə dəyişir və seçki prosesinə tələblər artır. Bu baxımdan MSK-nın üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, ötən dövrdə üzərinə düşən işi layiqincə yerinə yetirən Komissiya bu gün ölkəmizin siyasi sistemində özünəməxsus yer tutur", - deyə S.Qafarova vurğulayıb.

 

Sonra MSK-nın ən yaşlı üzvü Məzahir Pənahov Komissiyanın yeni tərkibdə ilk iclasını açıq elan edib.

 

Daha sonra açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyası sədrinin, sədr müavininin və katiblərinin seçkisi keçirilib.

 

Məzahir Pənahov yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib. 

MSK-nın yeni tərkibinə etimad göstərdiklərinə görə Milli Məclisin bütün üzvlərinə minnətdarlığını bildirən Məzahir Pənahov qeyd edib ki, Komissiyanın indiyə qədər olan tələbləri yerində qalır və bu tələblər bir az da ciddiləşəcək. MSK sədri bildirib ki, Komissiya Seçki Məcəlləsinin tələblərinə uyğun fəaliyyət göstərir.

 

“Azərbaycanda 30 mindən artıq aşağı seçki komissiyası üzvü var. Bütün seçki komissiyalarının binaları müasir cihazlarla, avadanlıqlarla təmin olunub. Bütün dairələrin iş şəraiti dünyaya nümunə ola biləcək səviyyədə qurulub. Azərbaycan şəffaflıq cəhətdən də dünyada analoqu olmayan bir nümunəni ortaya qoyub. Belə ki, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Dünyanın istənilən nöqtəsindən birbaşa MSK-nın saytına girməklə seçki prosesini müşahidə etmək mümkündür. Bunun üçün heç bir əlavə qeydiyyat və ya icazə tələb olunmur. Bütün bu sadalananlar Prezident İlham Əliyevin siyasi iradəsinin və Birinci vitse-prezident Mehriban Əliyevanın MSK-ya diqqətinin məntiqi nəticəsidir", - deyə M.Pənahov vurğulayıb.

 

Sədr Məzahir Pənahov bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Mərkəzi Seçki Komissiyası adından bir daha minnətdarlığını bildirib.

 

Sonra səsvermə yolu ilə Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova Milli Məclisdə heç bir siyasi partiya mənsubiyyəti olmayan müstəqil deputatları, Mikayıl Rəhimov isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları təmsil edən MSK katibləri seçiliblər.

Chosen
29
34
senzor.az

10Sources