EN

İranın yüksək dairələrindəki fikir ayrılıqları ABŞ ilə dialoqa mane olur -Rubio

Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması yolunda ən böyük maneə İran rəhbərliyindəki parçalanmadır.

Redaktor.az xəbər verir ki, bu fikri ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, iranlı müzakirəçilərlə tez-tez ölkə hakimiyyətinin nümayəndələri arasında fikir ayrılıqları olur ki, bu da sülh danışıqları imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

"Ölkə daxilində (İran - red.) dərin parçalanma var və düşünürəm ki, bu həmişə belə olub, lakin indi özünü daha güclü göstərir. İranı anlamağın ən yaxşı yolu, hazırda orada siyasi bir sinfin formalaşdığını başa düşməkdir. Bilirsiniz, insanlar mötədillər və sərt xətt tərəfdarları haqqında danışırlar. Ölkəni və iqtisadiyyatı idarə etməli olduqlarını anlayanlar var, bir də yalnız teologiyanı (ilahiyyat) rəhbər tutanlar var", - Rubio bildirib.

O, İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH), Ali lideri və onun ətrafını sərt xətt tərəfdarlarına, İranın xarici işlər nazirini, Prezidentini və parlamentin spikerini isə mötədillərə aid edir.

Bununla yanaşı, dövlət katibi hesab edir ki, iranlı müzakirəçilər ABŞ ilə sövdələşmə bağlamağa ciddi qərarlıdırlar və o, İran əhalisinin üzləşdiyi ciddi iqtisadi problemləri, xüsusən inflyasiyanı, quraqlığı və sanksiyalar səbəbindən istehsalın tənəzzülünü bunun üçün stimullardan biri adlandırıb.

"Məncə, onlar düşdükləri bu çətin vəziyyətdən çıxmağa ciddi qərarlıdırlar. Bir neçə ay əvvəl onlarda iğtişaşlar baş verib və bunlar iqtisadi iğtişaşlar idi. Bu münaqişə başlamazdan əvvəl İranda olan bütün problemlər hələ də mövcuddur və hətta daha da kəskinləşib. İndi onlarda raketlərin yarısı qalıb, nə bir zavod, nə donanma, nə də aviasiya var. Bütün bunlar məhv edilib. Beləliklə, onlar daha da zəifləyiblər", - Rubio deyib.

Onun sözlərinə görə, hazırda İrana təzyiq göstərilir və ABŞ onun daha da gücləndirilməsi üçün əlavə variantları nəzərdən keçirir. Rubio hesab edir ki, Tehran dünyada öz mövqeyini yeritmək üçün hələ də nüvə silahı yaratmaq niyyətindədir.

"Onlar nüvə silahı əldə etmək istəyirlər. İndi onların neftlə etdikləri, istədikləri hər şeyi etmək üçün dünyanı girov götürmək cəhdidir. Bu, qəbuledilməzdir", - o əlavə edib.

Chosen
2
5
redaktor.az

10Sources