Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, imtahanlardakı dinləmə tapşırıqları ilə bağlı “pis eşitdik” şikayətləri davam edir. Onun sözlərinə görə, dili eşidib anlama bacarığı olmayan şəxslərə elə gəlir ki, səsi eşitmirlər. DİM sədri qeyd edib ki, dinləmə vərdişi zamanla formalaşır və bu bacarıq şagirdlər üçün vacibdir.
DİM sədrinin fikrini Redaktor.az-a şərh edən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, onun bu çıxışında həqiqət payı var:
"Çünki biz illərlə görürük ki, ingilis dilindən nəticələr qənaətbəxş olur. Yəni digər fənlərə nisbətdə yaxşı olur, uşaqlar həmişə nəticələri yaxşı yazırlar. Sadəcə indi bu dinləmə məsələlərində bir az təkmilləşdirmə aparılsa, hesab edirəm ki, daha yaxşı olar. Çünki bəzən uşaqlar, xüsusilə də abituriyentlər dinləmə suallarında səs sisteminin problemli olması, xışıltıların yaranması, yaxşı eşidilməməsi ilə bağlı narazılıq edirlər. Yəni bu istiqamətdə problem yaşayırlar. Amma ümumi olaraq hesab edirəm ki, dinləmə məsələlərində uşaqların rahat yazmaq qabiliyyəti var. Sözün açığı, Məleykə xanımın bu qeyd etdiyi məsələ ilə razılaşıram. Çünki həqiqətən də bu zamana qədər, belə deyək, texniki problemlərdən başqa hər hansı bir narahatlıq və yaxud hər hansı bir şikayət daxil olmayıb. Sadəcə texniki narahatlıqla bağlı narazılıqlar ifadə olunub. Dinləmə qabiliyyəti məsələsinə gəlincə, bəli, ingilis dilini bilən bir uşaq üçün əslində bizdə ingilis dilinin qrammatikasına daha çox üstünlük verilir. Amma sağ olsun Dövlət İmtahan Mərkəzi, dinləmə suallarını da qəbul imtahanına saldığına görə, uşaqlar müəyyən qədər dinləmə suallarına da hazırlaşmaq məcburiyyətində qalır və bu istiqamətdə müəyyən bilik və bacarıqlar əldə edirlər. Yəni dinləmə istiqamətində müəyyən dil qabiliyyətlərini inkişaf etdirir, artırırlar. Bunun da əlbəttə müsbət tərəfləri var".

Ekspert vurğuladı ki, ingilis dili ilə bağlı artıq başqa təkliflər də var:
"Mətn üzərində, bundan sonra şəkillər üzərində işləmə və sair. Növbəti qəbul imtahanlarında bunun da şahidi olacağıq. Yəni bu dil problemi yoxdur. Uşaqlarda da vəziyyət yaxşıdır. Belə deyək, istər qəbul imtahanına girən uşaqlar olsun, istər xarici ali təhsil müəssisələrində oxumaq arzusu olan uşaqlar olsun, fərqi yoxdur. Məsələn, bizdə uşaqlar IELTS imtahanına girirlər, yaxşı nəticələr əldə edirlər və yaxud SAT imtahanına girən uşaqlar da yaxşı nəticə əldə edirlər. Bunun da əsas üstünlüyü nədir? Əlbəttə ki, dil biliklərinin yaxşı olmasıdır. Xüsusilə də danışıq qabiliyyətinin yaxşı olmasıdır ki, orada bəzi sualların cavablandırılmasında ciddi çətinlik yaşamırlar. Biz bunu qəbul imtahanlarında da görürük, bunun şahidi oluruq. Yəni bu istiqamətdə haqlılıq payı var, bunu açıq-aydın etiraf etmək lazımdır. Mən bu məsələ ilə bağlı onun haqlı olduğunu və düzgün ifadə etdiyini təsdiqləyirəm".
NURİYYƏ