EN

300 dollara görə öldürüb meyitini hissələrə ayırdılar! – BAKIDA DƏHŞƏTLİ CİNAYƏT

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Nəsimi rayonunda törədilmiş amansız qətl işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda, kirayə qaldıqları evdə otaq yoldaşları İsgəndər Əliyevi qətlə yetirməkdə ittiham olunan Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işi üzrə dindirmələr aparılıb.

Müttəhim Ülvi Abasov sərbəst ifadəsində hadisədən xəbərsiz olduğunu iddia edərək, günahsız yerə 9 aydır həbsdə yatdığını bildirib: “Mən onlarla eyni həyətdə kirayədə yaşayırdım, amma işlərimiz ayrı idi. Fazil İsgəndərlə bir otaqda qalırdı. Hadisə günü Fazil gəldi ki, rayona gedirəm, əşyalarımı maşına daşımağa kömək elə. Mən də kömək etdim. Mənə dedi ki, çantalarda tikinti alətləridir. Əgər bilsəydim ki, o çantaların içində meyit var, heç vaxt ona əl vurmazdım".

Ülvi Abasovun bu ifadələri məhkəmə zalında gərginliyə səbəb olub. Mərhumun yaxınları və zərərçəkmiş tərəf müttəhimi yalan danışmaqda ittiham ediblər. Onlar cinayətin hər iki şəxs tərəfindən planlı şəkildə və birlikdə törədildiyini vurğulayaraq, qatillərə ən ağır cəzanın verilməsini tələb ediblər.

Daha sonra məhkəmədə Ülvi Abbasovun ibtidai istintaq zamanı verdiyi ilk ifadəsi elan olunub. Həmin ifadədə o, cinayəti necə törətdiklərini bütün çılpaqlığı ilə təsvir edib: “Biz əvvəlcədən Fazillə danışmışdıq ki, İsgəndərin pulu var. Gecə yarısı Fazil qapımı döydü, otağa girdik. Mən İsgəndərin ayaqlarını tutdum, Fazil isə dəmirlə onun sifətinə bir neçə dəfə zərbə vurdu”.

Ülvi Abasov məhkəmədə bu ziddiyyətə aydınlıq gətirərkən istintaqdakı ifadəsini təzyiq altında verdiyini iddia edib.

İttihama görə, hadisə ötən il avqustun 4-də, gecə 4 radələrində baş verib. Fazil Feyzullayev və Ülvi Abbasov tamah niyyəti ilə yatmış vəziyyətdə olan İsgəndər Əliyevi çəkiclə başına zərbələr vuraraq öldürüblər. Daha sonra otaqdan mərhuma məxsus 300 ABŞ dollarını götürüblər. Cinayətin izini itirmək üçün Fazil Feyzullayevin meyiti hissələrə ayırdığı, sellofan paketlərə yığaraq Ağsu rayonuna apardığı və bədən üzvlərini müxtəlif yerlərə atdığı müəyyən edilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 120.2.1 - bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam öldürmə, 120.2.5 - tamah məqsədilə adam öldürmə, 120.2.9 - köməksiz vəziyyətdə olan adamı öldürmə, 245 - meyit üzərində təhqiredici hərəkətlər maddələri üzrə ittiham elan olunub. Növbəti məhkəmə iclası mayın 4-nə təyin edilib.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
51
musavat.com

1Sources