Son günlər beynəlxalq mediada Venesuela ətrafında dolaşan iddialar yenidən diqqəti bu ölkəyə yönəldib. Xüsusilə hazırda Amerikada həbs həyatı yaşayan keçmiş prezident Nikolas Maduronun taleyi, onun mümkün xarici güclərin təsiri altına düşməsi və ya hakimiyyətə fərqli konfiqurasiyada qaytarılması kimi versiyalar müxtəlif analitik platformalarda geniş müzakirə olunur.
Belə iddiaların bir qismi daha çox geosiyasi spekulyasiya xarakteri daşısa da, bəziləri böyük güclərin Latın Amerikasındakı maraqları fonunda müəyyən məntiq çərçivəsində izah edilməyə çalışılır. Xüsusilə, Birləşmiş Ştatların Venesuela siyasəti uzun illərdir sərt sanksiyalar, diplomatik təzyiq və alternativ siyasi qüvvələrə dəstək xətti ilə müşayiət olunur. Buna baxmayaraq, bəzi Qərb nəşrlərində və ekspert rəylərində fərqli yanaşmalar da diqqət çəkir.
Guya Vaşinqton müəyyən şərtlər daxilində Maduro ilə razılaşmaya gedə, onu nəzarət edilən siyasi fiqura çevirərək ölkədə daha stabil və proqnozlaşdırılan idarəetmə modeli formalaşdıra bilər. Bu kimi ehtimallar enerji resursları, neft bazarları və regional təsir uğrunda rəqabət kontekstində daha çox qabardılır.
Digər tərəfdən, Donald Tramp kimi siyasi fiqurların mümkün siyasi kursu da bu müzakirələrin mərkəzində dayanır. Tramp administrasiyasının əvvəlki dövrdə Maduroya qarşı sərt mövqeyi yadda qalsa da, bəzi analitiklər onun praqmatik yanaşma sərgiləyərək situasiyadan asılı olaraq fərqli taktiki addımlar ata biləcəyini istisna etmirlər. Bu isə “ABŞ Maduronu zəiflədib sonra idarə olunan şəkildə hakimiyyətdə saxlayarmı” sualını yenidən gündəmə gətirir.
Bütün bu mülahizələr fonunda dünya mediasında yayılan yazılar bir tərəfdən böyük güclərin gizli diplomatiyası və siyasi manevr imkanları haqqında fərziyyələri gücləndirir, digər tərəfdən isə real siyasətlə spekulyasiya arasındakı sərhədin harada başladığı sualını açıq saxlayır. Mövcud informasiya axını göstərir ki, Venesuela ətrafında baş verənlər təkcə bu ölkənin daxili siyasi gələcəyi ilə deyil, həm də qlobal güc balansı və enerji siyasətinin istiqamətləri ilə sıx bağlıdır.

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a dedi ki, son günlərdə Nikolas Maduronun taleyi ilə bağlı yayılan "bağışlanma" iddiaları mövcud geosiyasi reallıqlarla uzlaşmır: “2026-cı ilin əvvəlində reallaşan məlum əməliyyatdan sonra proses artıq siyasi ritorika müstəvisindən çıxaraq sərt hüquqi müstəviyə keçib. Lakin burada əsas diqqətçəkən məqam Maduronun hüquqi statusu yox, ABŞ-ın Venesuela üzərindən qurduğu yeni regional strategiyadır. Maduronun saxlanılması Vaşinqton üçün, sadəcə, bir şəxsin cəzalandırılması deyil, həm də Latın Amerikasında "toxunulmazlıq" mifinin dağıdılmasıdır. Bu mərhələdə hər hansı siyasi bağışlanma ABŞ-ın daxili hüquq sisteminə və beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər. Odur ki, yaxın perspektivdə biz "bağışlanma" deyil, uzunmüddətli məhkəmə çəkişmələri və bu çəkişmələrdən siyasi rıçaq kimi istifadə edilməsini görəcəyik.
Digər tərəfdən, diqqət çəkən əsas məqam ABŞ-ın Maduronun şəxsindən daha çox Venesuelada formalaşan yeni siyasi və iqtisadi sistemə fokuslanmasıdır. Vaşinqtonun yeni hakimiyyətlə diplomatik münasibətləri bərpa etməsi, enerji sektoruna marağı və iqtisadi əməkdaşlıq təşəbbüsləri göstərir ki, ABŞ regionda təsir imkanlarını genişləndirməyə çalışır. İddia edildiyi kimi, məqsəd Maduronu "asılı vəziyyətə salmaq" deyil. Çünki asılı olan lider həm də siyasi yükdür. ABŞ-ın əsas məqsədi Venesuelanın strateji resurslarını və xarici siyasət kursunu Vaşinqtonun maraqları ilə sinxronlaşdırmaqdır. Bu, bir liderə nəzarət etməkdən daha dərin və daha qalıcı bir asılılıq modelidir. Venesuelada baş verənlər, sadəcə, hakimiyyət dəyişikliyi deyil, bir regionun geosiyasi arxitekturasının yenidən qurulmasıdır. ABŞ üçün Maduro artıq keçmişin qalığıdır. Vaşinqtonun gözü isə Venesuelanın gələcəyində və onun qlobal enerji bazarındakı yerindədir”.
Cavanşir ABBASLI,
Musavat.com