EN

Bakıda güclü yağışın günahkarı hansı ölkə idi?- DETALLAR

Ajans.az bu barədə araşdırma edib. Son həftələrdə Azərbaycanda, Dağıstanda və regionun digər yaxın ərazilərində intensiv yağıntılar qeydə alınıb. Bakıda güclü yağışlar nəticəsində bəzi küçələrin və evlərin su altında qalması vəziyyətin miqyasını göstərir. Türkiyənin şərq və Qara dəniz bölgələrində də oxşar hava şəraiti və sel riskləri müşahidə olunub. Bu iqlim dəyişiklikləri regionda davam edən hərbi qarşıdurma ilə eyni dövrə təsadüf edir. Müxtəlif mənbələrdə yayılan iddialara görə, İranın münaqişə zamanı bölgədə yerləşən bəzi radar və hərbi obyektlərə zərbələr endirməsi guya atmosfer proseslərinə təsir göstərə bilər. Digər bir iddiaya əsasən, İranın ABŞ-nin regionda yerləşən və “süni yağışlar yaratmaq” məqsədi daşıdığı iddia edilən hərbi bazalarına hücum etdiyi və bu obyektlərin sıradan çıxarılmasının hava axınlarına təsir göstərdiyi irəli sürülür. Bu nəzəriyyəyə görə, yağıntıların istiqamətində dəyişikliklər baş verə bilər. Mövzu ilə bağlı müzakirələrdə Türkiyənin də xüsusi rolu diqqət çəkir. Məlumata görə, regionda baş verən hava dəyişiklikləri və İran–İsrail gərginliyi fonunda mümkün xarici müdaxilə və ya müharibənin iqlimə təsiri məsələsini ən çox gündəmə gətirən ölkələrdən biri məhz Türkiyə olub. Ankara səviyyəsində bu tip iddialar rəsmi təsdiqini tapmasa da, məsələ region təhlükəsizliyi və geosiyasi risklər kontekstində müzakirə olunur. Əfqanıstandakı İran səfirliyinin hesabında, fars dilində diqqət çəkən paylaşım olub. Payalaşımda qeyd edilir ki, bu hadisələr elmi fantastika filmlərini xatırladan "iqlim müharibəsi"-nə oxşuyur. Amma bu paylaşım bilinməyən səbəblərə görə artıq silinib. "BİZ BƏƏ-ni VURDUQ VƏ YAĞIŞLAR BAŞLADI." "İran BƏƏ-nin gizli bulud əkin və iqlim dəyişikliyi mərkəzini məhv etdikdən sonra hər şey bir gecədə dəyişdi. Bölgənin hava şəraiti tamamilə dəyişdi. İraq və İran indi həftəlik güclü yağış və temperaturun 5 dərəcə aşağı düşməsi ilə qarşılaşır. Sağdakı xəritədə buludların BƏƏ-ni "nizam-intizamla" cəzalandırdıqdan sonra Ronaldo Nazario (əfsanəvi braziliyalı futbolçu) üslubunda qıvrıldığı göstərilir." Bu tip iddialar yeni deyil. Hələ illər əvvəl İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Qərb ölkələrini oxşar fəaliyyətlərdə ittiham etmişdi: "Qərb ölkələri dünyanın müəyyən bölgələrində, o cümlədən İranda quraqlığa səbəb olmaq üçün planlar hazırlayıblar". Lakin rəsmi və elmi dairələr bu cür nəzəriyyələri qəbul etmir. Mütəxəssislər bildirirlər ki, belə miqyasda iqlimə nəzarət etmək mövcud texnologiyalar çərçivəsində mümkün deyil. Burda sual yaranır. Müharibə və hava dəyişikliklərinin eyni dövrə təsadüf etməsi müxtəlif ehtimalların yaranmasına səbəb olur? Fakt budur ki, həm iqlimdəki dəyişikliklər, həm də hərbi hadisələr regionda qeyri-müəyyənliyi daha da artırır. Belə bir şəraitdə hər yeni yağış, hər temperatur dəyişikliyi artıq sadəcə meteoroloji hadisə kimi deyil, daha geniş kontekstin bir hissəsi kimi qəbul olunur.

 

Chosen
34
Ajans.az

1Sources