Malinin şimalındakı Kidal şəhəri Azavad Azadlıq Cəbhəsi (FLA) kimi tanınan silahlı qrupun nəzarətinə keçib.
FLA əsasən Malinin şimal bölgələrində fəaliyyət göstərən silahlı qrup kimi tanınır. Tuareq etnik qrupunun üzvlərindən ibarət FLA müstəqillik və muxtariyyət tələbləri irəli sürür.
“Cebheinfo.az” xəbər verir ki, qruplaşma Malidə keçirilən əməliyyatdan sonra Kidal üzərində tam nəzarəti təmin etdikləri bildirib.
Bəyanatda əlavə edilib ki, kiçik bir qrup rus muzdluları ilə Mali əsgərləri ərazidə qalıb və keçmiş Birləşmiş Millətlər Təşkilatının Malidə Çoxölçülü İnteqrasiya olunmuş Sabitləşdirmə Missiyası (MINUSMA) düşərgəsində yerləşdirilib.
Dünən Mali Keçid Hökumətinin sözçüsü, briqada generalı İssa Ousmane Coulibali silahlı terrorçu qrupların müxtəlif hərbi nöqtələrə hücumlarının nəzarət altına alındığını açıqlayıb.
Xatırladaq ki, dünən səhər tezdən Malidə silahlı qrupların koordinasiyalı hücumları başlayıb və ölkənin bir neçə şəhərində, o cümlədən Kidal, Gao və Severedə, eləcə də paytaxt Bamakodakı Kati hərbi bazasında və Modibo Keita Hava Limanı ətrafındakı hərbi düşərgələrdə şiddətli atışmalar, partlayışlar və toqquşmalar barədə məlumatlar yayılıb.