EN

Milli Məclisdə mühüm tədbirlə bağlı müzakirələr

Parlamentdə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.

Musavat.com-un məlumatına görə, deputat Ceyhun Məmmədov çıxışında bildirib ki, ölkəmizin bu tədbirə ev sahibliyi etməsi bir çox baxımdan xüsusi önəm və əhəmiyyət daşıyır:

“Bu cür beynəlxalq tədbirlərin keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada güclənən nüfuzunun, ona olan etimadın və artan diqqətin göstəricisidir. Məlum olduğu kimi, Azərbaycanın bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb. Azərbaycan son illər “Avropa oyunları”, “İslam Həmrəyliyi Oyunları”, COP29, “Qlobal Bakı Forumu” kimi bir çox mötəbər tədbirlərə ev sahibliyi edib və hər birini ən yüksək səviyyədə həyata keçirib. Bu sahədə böyük təcrübə qazanıb. Bu gün çox qürurvericidir ki, Azərbaycanın COP29-da əldə etdiyi uğur və nəticələr hələ də dünyanın diqqət mərkəzindədir. Heç şübhəsiz ki, Azərbaycan bu tədbirə də yüksək səviyyədə ev sahibliyi edəcək. Əvvəlki təcrübələr bunu deməyə tam əsas verir”.

C.Məmmədov əlavə edib ki, bu tədbirlər dövlətimizin nüfuzunun artmasına, iqtisadiyyatın, şəhərsalmanın inkişafına töhfə verməklə yanaşı, ölkəmizin turizm potensialına da önəmli dəyər qatacaq:

“Tədbir zamanı çoxlu sayda rəsmi şəxslərin, beynəlxalq təşkilatların nümayəndələrinin, müxtəlif dövlətlərdən olan çoxsaylı mötəbər qonaqların və turistlərin Azərbaycana səfəri ölkəmizin nüfuzunun daha da artmasına, Azərbaycanın inkişaf etməkdə olan turizm potensialının güclənməsinə ciddi töhfə verəcək. Ölkəmizə olan diqqət və etimadı daha da artıracaq. Bu tədbirin ən önəmli tərəflərindən biri də budur.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizin bu cür tədbirlərə ev sahibliyi etməsi Azərbaycan həqiqətlərinin, Qarabağda həyata keçirilən böyük quruculuq və abadlıq işlərinin dünyada təbliği baxımından da xüsusi önəm daşıyır. Bu gün həqiqətən Azərbaycan Qarabağda möcüzələr yaradır. Bu prosesi heyranlıqla izləməmək qeyri-mümkündür. Sözün həqiqi mənasında 10 min kvadrat kilometr tamamilə dağıdılmış, viran qoyulmuş ərazini qısa vaxtda minalardan təmizləmək, yenidən dirçəltmək, dünyanın ən abad və gözəl bölgələrindən birinə çevirmək Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin növbəti tarixi nailiyyət hesab olunmalıdır”.

Müzakirələrdən sonra layihə təsdiqlənib.

E.Paşasoy,
Musavat.com

Chosen
64
musavat.com

1Sources