Musavat.com xəbər verir ki, ABŞ-ın New York şəhərində yaşayan azərbaycanlı və türk icmaları şəhərin meri Zohran Mamdani-nin son bəyanatlarına etiraz olaraq kütləvi aksiya keçiriblər.
Aksiya şəhərin mərkəzi hissələrində təşkil olunub, iştirakçılar Türkiyə və Azərbaycan bayraqları ilə çıxış edərək müxtəlif şüarlar səsləndiriblər.
Etirazçılar tərəfindən qaldırılan plakatlarda “Tarix mürəkkəbdir, birtərəfli deyil”, “Qanun qarşısında bərabərlik” və “Ədalətli yanaşma tələb edirik” kimi çağırışlar yer alıb. Aksiyada iştirak edənlər Mamdaninin açıqlamalarını qərəzli və siyasi motivli hesab etdiklərini bildiriblər.
Məsələ New York meri Zohran Mamdani-nin aprelin 24-də yaydığı açıqlamadan sonra gündəmə gəlib. O, həmin paylaşımında 1915-ci il hadisələrini “genosid” kimi təqdim edib və “1,5 milyon erməninin Osmanlı imperiyası tərəfindən öldürüldüyünü” qeyd edib.

Mamdani eyni müraciətdə bildirib ki, “biz tarix təkrar olunmaması üçün hərəkət etməliyik” və bu hadisələri beynəlxalq səviyyədə tanımağa çağırıb. Bu məqamda o, haqsız yerə Azərbaycana da ittihamlar irəli sürüb.
Türkiyə tərəfi bu açıqlamaya sərt reaksiya verərək bəyan edib ki, bu cür ifadələr tarixi hadisələrin siyasiləşdirilməsidir və regionda formalaşan sülh mühitinə ziddir. Rəsmi Ankara Mamdanini “1915 hadisələrini dar siyasi məqsədlər üçün istifadə etməkdə” ittiham edib.
Azərbaycan Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirərək bəyanatı “əsassız və qərəzli” adlandırıb. Rəsmi Bakı qeyd edib ki, belə açıqlamalar region reallıqlarını təhrif edir və ictimai fiqurlar məsuliyyətli davranmalıdır.

New Yorkda keçirilən etiraz aksiyasında iştirak edən diaspor nümayəndələri isə bildiriblər ki, Mamdaninin çıxışları həm Türkiyəyə, həm də Azərbaycana qarşı ədalətsiz yanaşmadır və ABŞ-da yaşayan türk və azərbaycanlı icmaların hüquqlarına zərbə vurur. Onlar siyasi rəhbərləri tarixi məsələlərə daha balanslı yanaşmağa çağırıblar.
Aksiyadan yayılan görüntülər göstərir ki, iştirakçılar əsasən “tarixə birtərəfli baxışa yox”, “ədalətli mövqe tələb edirik” kimi şüarlarla çıxış ediblər və bu məsələ ətrafında narazılıq geniş ictimai rezonans doğurub.

Baş verənlər bir daha göstərir ki, tarixi məsələlər ətrafında mübahisələr artıq təkcə region daxilində deyil, ABŞ kimi qlobal mərkəzlərdə də diasporlar arasında açıq qarşıdurma müstəvisinə keçir.