ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə tanınmış jurnalist Kendis Ouens barədə sərt paylaşım edərək yeni qalmaqal yaradıb.
Musavat.com xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında jurnalist Kendis Ouensi “ilin iyrənc adamı” adlandırıb.
Tramp yazıb ki, Ouensin reytinqi ciddi şəkildə aşağı düşüb və onun Bricit Makrona qarşı hücumları nifrət doğurur. ABŞ prezidenti əlavə edib ki, jurnalistin bu məsələdə sübutsuz danışması onun çox aşağı intellekt səviyyəsinə malik olduğunu göstərir.
Bununla yanaşı, Tramp Ouensin fotosunu “Time” jurnalının üz qabığı üslubunda paylaşaraq üzərinə “İlin iyrənc adamı”, “ağdərili varlı kişilərdən istifadə edir”, “fakt yoxlama saytlarında sıfır etibar göstəricisi”, “seksual cinayətkarları müdafiə edir” kimi ifadələr yazdırıb.
Qeyd edək ki, Kendis Ouens daha əvvəl Bricit Makron barədə mübahisəli iddialar səsləndirmişdi. O, Fransa prezidentinin xanımının əvvəllər kişi olduğunu və cinsiyyət dəyişdirdiyini iddia etmişdi.
Bu iddialar rəsmi şəkildə təkzib olunub və məsələ məhkəmə araşdırmasına qədər gedib çıxıb. Trampın son paylaşımı isə ABŞ və Fransa siyasi çevrələrində yeni rezonans doğurub.
Musavat.com