Tehran Hörmüz boğazında sualtı kabel xətlərini kəsərək Körfəz ölkələrini internetdən məhrum edə bilər...
İran Hörmüz boğazındakı sualtı telekommunikasiya kabel xətlərinə zərər vurmaqla körfəz ərəb dövlətlərini internetdən məhrum etməklə hədələyib.
Poliqon xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın olan “Təsnim” Agentliyi bu kabel xətlərinin xəritəsini yayımlayıb.
“Əgər hansısa səbəbdən, təbii fəlakətlər, gəmilərin lövbər salması, dəniz qəzaları və ya qəsdən hərəkətlər üzündən Hürmüz boğazında bir neçə əsas kabel eyni vaxtda kəsilərsə, rəqəmsal fəlakət körfəz ərəb dövlətlərini sarsıdacaq”, deyə Agentliyin yaydığı SEPAH-ın bəyanatında deyilir.
Qeyd edək ki, Hörmüz boğazının dibində yeddi böyük telekommunikasiya kabeli yerləşir. Bu kabellər nəhəng həcmdə məlumat ötürür və Körfəz ölkələrini Avropa, Asiya və Yaxın Şərqdəki məlumat mərkəzləri ilə birləşdirir. İranla diplomatik problemlər səbəbindən bu kabellər Omanın sularından keçir.
Stimson Center analitiklərinin qeyd etdiyinə görə, dünya məlumat trafikinin 15%-i Hörmüz boğazından keçir. Bu isə həmin kabelləri ABŞ və onun müttəfiqləri – Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və İraq – üçün həyati əhəmiyyət daşıyır. İranın bu təhdidi bölgədə artan geosiyasi gərginliyin yeni bir aspekti kimi qiymətləndirilir. Mütəxəssislər xəbərdarlıq edir ki, sualtı kabellərin sıradan çıxarılması qlobal internet trafikində ciddi pozulmalara və milyardlarla dollarlıq iqtisadi ziyana səbəb ola bilər.
Poliqon.info