EN

Rusiya ölkələri qoşun yeritməklə hədələyir

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son zamanlar Rusiyanın Moldovaya qarşı təhdidləri artıb.

Kreml “etnik rus faktoru” adı altında Moldovaya hərbi müdaxilə planını nəzərdən keçirə bilər. Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu rəsmi Kişenyovu hədələyib. 

O qeyd edib ki, Moldovanın Dnestryanı bölgəsində etnik rusların təhlükəsizliyinin təminatı Moskva üçün xüsusi əhəmiyyət kəsb edir. Şoyqu açıq şəkildə bildirib ki, Moskva sözügedən bölgədə rusları qorumaq üçün istənilən addımı atmağa hazırdır; “Dnestryanıda 220 mindən çox Rusiya vətəndaşı yaşayır, onların maraqları və təhlükəsizliyi Ukrayna və Moldovanın məsuliyyətsiz hərəkətləri səbəbindən təhlükə altındadır. 

Lazım gələrsə, Rusiya bütün lazımi addımları atacaq və onları konstitusiyaya uyğun olaraq qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək”, – deyə S. Şoyqu vurğulayıb. Rusiya KİV-i qeyd edir ki, Şoyqunun bu açıqlamasına səbəb Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovun Ukrayna ordusunun Dnestryanıya nəzarəti ələ keçirməsi ehtimalı ilə bağlı açıqlamaları olub. 

Xüsusi bir məqamı da diqqətdən qaçırmaq olmaz ki, bu yaxınlarda Rusiya Dövlət Dumasında birinci oxunuşda xarici ölkələrdə yaşayan rusların müdafiəsi ilə bağlı qanun layihəsi qəbul edilib. 

Belə bir qanun Rusiya Prezidentinə milli məhkəmələrin qərarı ilə xaricdə yaşayan rusları müdafiə etmək və onları hər hansı təhlükədən qorumaq adı altında digər ölkələrə qoşun göndərməyə imkan verir. 

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, qanun layihəsinin məqsədi Rusiya vətəndaşlarının hüquqlarının dost olmayan xarici dövlətlərin fəaliyyətlərindən və xaricdəki hüquq və azadlıqlarının qanunsuz pozulmasından müdafiə etməkdir. 

"Vətəndaşlıq haqqında” Qanuna Rusiya hakimiyyət orqanlarının xaricdə həbs edilmiş, saxlanılmış və ya təqibə məruz qalmış vətəndaşları müdafiə etmək üçün “lazımi tədbirlər görəcəyini” bildirən müddəa da əlavə olunub.

Maraqlıdır, Moskvanın bu qanunu əsas gətirərək Moldovanın Denstryanı bölgəsinə qoşun yeritməsi nə dərəcədə real görünə bilər? Ümumiyyətlə, Moldovada da növbəti müharibənin baş verməsi ehtimal olunur? 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Moldovanın MDB-ni tərk etməsi Kremldə ciddi qəzəb doğurub. Onun sözlərinə görə, MDB Rusiyanın postsovet məkanında təsir imkanlarını qorumaq üçün əsas mexanizmlərdən biridir və Kişinyovun belə bir addım atması MDB-yə üzv olan digər ölkələr üçün presedent yaradır: 

“Yaxın zamanda MDB-nin dağılması ehtimalı özünü doğrulda bilər. Bu səbəbdən Moskva qəzəblidir və Moldovanı təhdid etməyə başlayıb. Hər zaman olduğu kimi Kreml rus faktorundan istifadə etməyə cəhd göstərir. 

Moskva Dnestryanı bölgədə 220 min rusun yaşamasını dilə gətirməklə istənilən zaman həmin bölgəni nəzarətə götürməyə hazır olduğuna eyham vurur. Rusiyada bu məsələ ilə bağlı qanun layihəsinin qəbulu beynəlxalq ictimaiyyət üçün heç bir əhəmiyyət kəsb etmir. Rusiya qanunlarla idarə olunan və beynəlxalq hüquq normalarına uyğun davranan bir ölkə deyil. 

Ümumiyyətlə, Rusiyanın dövlət siyasəti və qanun anlayışı bir-birinə zidd təşkil edir. Dnestryanıda 220 min rusun yaşaması Moskvaya əsas vermir ki, həmin bölgə barədə hər hansı qərar qəbul etsin. Beynəlxalq hüquqa görə, Dnestryanı Moldovanın ərazi bütövlüyünün tərkib hissəsidir. 

Əgər Kremldəkilər Dnestrayanıda 220 min rus haqqında düşünürsə və vətəndaşlarından narahatdırsa, onda onları öz ərazisinə aparsın. Dnestryanıda 200 mindən çox Rusiya vətəndaşı yaşayır deyə həmin bölgəyə hərbi müdaxilə ilə təhdid etmək, eləcə də zamanında bölgədə yaşayan ruslara qeyri-qanuni şəkildə pasportlar paylamaq birbaşa beynəlxalq hüququn pozulmasıdır. 

Rusiya rəhbərliyi çox məntiqsiz və heç bir izahı olmayan siyasət yürüdür”.

Ekspert onu da bildirib ki, Rusiya hər an Moldovaya və hər hansı post-sovet ölkəsinə hərbi müdaxilə edə bilər: 

“Rusiya atacağı addımların beynəlxalq hüquqa uyğun olub-olmayacağını proqnozlaşdırmır, düzünü desək, bu, onu heç bir şəkildə maraqlandırmır. Moskvanın təhdidləri onu deməyə əsas verir ki, Rusiya postsovet ölkələri, o cümlədən bütün dünya üçün təhlükə mənbəyinə çevrilib". 

E. Xalidbəyli əlavə edib ki, həm MDB, həm də KTMT-nin tarixə qovuşması istənilən zaman özünü doğrulda bilər. ”Belə bir halın baş verməsi Rusiyanın bu məkanda təsir imkanlarının tam sıradan çıxmasına gətirib çıxaracaq. Yəqin ki, Moskva Moldovaya təzyiqləri daha da sərtləşdirəcək. Beynəlxalq ictimaiyyət Moldovaya dəstək verməzsə, Kişinyov ciddi problemlərlə üzləşə bilər.”  

Yunis Abdullayev

"Cebheinfo.az"

Açar sözlər:

Rusiya Elçin Xalidbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
60
1
cebheinfo.az

2Sources