Yaşayış məntəqələrində gecə saatlarında aparılan tikinti işləri son illər daha çox müzakirə olunan məsələlərdən birinə çevrilib.
Xüsusilə iri şəhərlərdə və sıx məskunlaşmış ərazilərdə gecə yarısından sonra davam edən qazma, betonlama və ağır texnikanın fəaliyyəti sakinlərin gündəlik həyat ritmini pozur, onların istirahət və sağlam mühitdə yaşamaq hüququnu ciddi şəkildə məhdudlaşdırır.
Səs-küyün normadan artıq olması təkcə narahatlıq yaratmır, eyni zamanda insanların sağlamlığına, psixoloji vəziyyətinə və əmək qabiliyyətinə də mənfi təsir göstərir.
Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, tikinti işləri ilə bağlı qanunvericiliyə əsasən, bu fəaliyyətlər əsasən gündüz saatlarında həyata keçirilməlidir:

“Ümumiyyətlə, tikinti işlərinin aparılmasına səhər saat 08:00-dan başlanılır və axşam saat 21:00-a qədər yekunlaşdırılması tələb olunur. Bu saatlardan kənar aparılan işlər, xüsusilə gecə saatlarında yaranan səs-küy ətraf ərazidə yaşayan sakinlərin rahatlığına ciddi təsir göstərə bilər. Tikinti işlərinin təşkili və bu sahədə qaydalara əməl olunmasına bir sıra qurumlar tərəfindən nəzarət edilir. Ərazi üzrə ilk növbədə daxili işlər orqanları, yəni polis əməkdaşları bu məsələyə müdaxilə etmək səlahiyyətinə malikdir. Eyni zamanda, bələdiyyə və şəhər icra hakimiyyətinin müvafiq strukturları da belə halları aşkar etdikdə tikinti işlərinin dayandırılması ilə bağlı göstəriş verə bilirlər. Qanunvericiliyin tələblərinə əsasən, müəyyən olunmuş vaxtdan kənar tikinti işlərinin aparılması və bunun nəticəsində səs-küyün yaranması inzibati məsuliyyət yaradır. Bu halda fiziki şəxslər 100-200 manat məbləğində, hüquqi şəxslər isə 500-1000 manat məbləğində cərimə oluna bilərlər”.
O qeyd edib ki, bəzi hallarda tikinti şirkətləri bildirirlər ki, tikintidə istifadə olunan materialların daşınması ilə məşğul olan yük avtomobillərinin gündüz saatlarında şəhər ərazisinə daxil olması məhdudlaşdırıldığı üçün işləri gecə saatlarında davam etdirməyə məcbur qalırlar:
“Lakin bu hal vətəndaşların istirahət hüququnun pozulmasına əsas verə bilməz. Hüquqi baxımdan vətəndaşın istirahət hüququ tikinti aparan tərəfin maraqlarından daha üstün hesab olunur. Belə hallarla qarşılaşan vətəndaşlara tövsiyə olunur ki, dərhal 102 polis xidmətinə müraciət etsinlər. Müraciət əsasında polis əməkdaşları hadisə yerinə gələrək vəziyyəti araşdıra, tikinti işlərinin dayandırılması ilə bağlı tədbir görə və məsul şəxslərin inzibati qaydada cəzalandırılması üçün müvafiq materialları aidiyyəti üzrə təqdim edə bilərlər”.
Qısası, gecə vaxtı tikinti aparanlar qanunu pozurlar və buna görə onları polisə şikayət edərək cərimələtmək olar.