Bakı, 25 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp gələn həftə Vaşinqtonda Böyük Britaniya Kralı III Çarlz ilə görüşündə İrandakı müharibə və NATO çərçivəsində tərəfdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırdığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ lideri müsahibəsində Böyük Britaniyada tətbiq olunan rəqəmsal xidmətlər vergisi məsələsini də qaldıracağını qeyd edib. Bununla belə, “Reuters” Prezidentin bu açıqlamalarına birbaşa istinad verməyib.
III Çarlz aprelin 27-dən 30-dək ABŞ-yə dövlət səfəri edəcək. Səfər çərçivəsində onun ABŞ Konqresində çıxış etməsi və Ağ Evdə Donald Tramp tərəfindən qəbul olunması gözlənilir.
Britaniya mediası daha əvvəl xəbər verib ki, III Çarlz bu səfərdən London və Vaşinqton arasında münasibətləri yaxşılaşdırmaq məqsədilə istifadə etməyi planlaşdırır. Qeyd olunur ki, Böyük Britaniyanın İranla müharibəyə qoşulmaq istəməməsi səbəbindən tərəflər arasında münasibətlər gərginləşib. Birləşmiş Krallığın bu mövqeyi Donald Trampın tənqidinə səbəb olub və o, NATO-dan çıxmaqla hədələyib. Britaniya mətbuatının yazdığına görə, III Çarlz görüş zamanı transatlantik birliyin qorunmasının vacibliyini vurğulamaq niyyətindədir.