EN

Deputat: “Ailələrin uşaqlarının tərbiyəsindəki rolu çox zəifdir”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlərdir məktəblərdə baş verən xoşagəlməz hadisələr – şagirdlər arasında özünə xəsarət halları artmaqdadır. Yeniyetmələr arasında bu cür təhlükəli davranışların çoxalması suallar doğurur: Şagirdləri bu addımlara nə vadar edir? Onların bu davranışlarına təsir edən amillər daha dərindən araşdırılmalıdır.

. Məktəblərdə psixoloji dəstəyin gücləndirilməsi vacibdirmi, yoxsa bu problemin kökündə duran başqa səbəblər də var?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına bildirib ki, tərbiyə sisteminin özü ümumilikdə pozulubdur: “Biz nəzərə almalıyıq ki, ümumiyyətlə dünyada ciddi proseslər gedir. Zaman keçdikcə uşaqların psixologiyasında, düşüncəsində də çox ciddi dəyişikliklər getməkdədir. Bu gün tərbiyə sisteminin özü ümumilikdə pozulubdur, tərbiyə sistemində müəyyən problemlər var. Ailələrimiz bir çox hallarda öz rolunu yerinə yetirə bilmir. Valideynlər bəzən uşaqlara kifayət qədər vaxt ayırmırlar. Bu gün ailələrin uşaqlarının tərbiyəsindəki rolu çox zəifdir.

Təəssüf ki, bu problemlər məktəblərdə də müşahidə olunur. Təcrübəli müəllimlərin sayının azalması, onların tədricən təqaüdə çıxması və məktəb kollektivlərinin sürətlə cavanlaşması bu prosesə öz təsirini göstərir.

Bu institut yaradılsa da, məktəblərdə psixologiya institutu və psixologiya anlayışı hələ tam oturuşmayıb. Sistem oturuşmadığı, tam formalaşdırılmadığı üçün biz bu məsələyə görə də əziyyət çəkirik”.

Ceyhun Məmmədov həmçinin vurğulayıb ki, ailələr övladlarının tərbiyəsinə vaxt ayırmalıdırlar: “Təəssüf ki, məktəbdə də, ailədə də əsas hədəf və məqsəd şagirdin ali məktəbə qəbul edilməsidir, yəni uşağın tərbiyəsi müasir dövrdə arxa plandadır. Arxa planda olduğuna görə də biz bu problemləri yaşayırıq və getdikcə bu cür problemlərin daha da artması ehtimalları yüksəkdir. Ona görə də razıyam ki, məktəblərdə psixoloqlarla iş gücləndirilməlidir. Uşaqlarla ciddi psixoloji iş aparılmalı, onların tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Uşaqlar daim nəzarətdə saxlanılmalıdır ki, belə problemlərlə qarşılaşmayaq”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
68
bizimyol.info

1Sources