EN

Agentlik sədrinin müşaviri: Qida obyektlərinin layihələndirilməsi zamanı funksional və çevik layihə həllərinə də üstünlük verilir

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır və prioritet istiqamətlərdən biri kimi mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi olaraq, qida obyektlərinin layihələndirilməsi zamanı təhlükəsizlik qaydaları ilə yanaşı, funksional və çevik layihə həllərinə üstünlük verilir. Bu yanaşma həm müasir standartlara uyğunluğu təmin edir, həm də obyektlərin uzunmüddətli səmərəli fəaliyyətinə zəmin yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Diana Hacıyeva “Təhlükəsiz qidanın memarlığı”na həsr olunmuş konfransda çıxış edərkən deyib.

O bildirib ki, memarlıq və şəhərsalma baxımından qida təhlükəsizliyi məsələsi yalnız funksional həllərlə məhdudlaşmır, eyni zamanda, məkanın düzgün planlaşdırılması, sanitariya-gigiyenik zonalaşdırma və mühəndis-kommunikasiya sistemlərinin inteqrasiyası ilə birbaşa bağlıdır: "Qida obyektlərinin layihələndirilməsi zamanı funksional zonalaşdırma (təmiz və çirkli axınların ayrılması), texnoloji proseslərin ardıcıllığını təmin edən plan həlləri, daxili logistikanın optimallaşdırılması, sanitar müdafiə zonalarının nəzərə alınması, həmçinin təbii və süni havalandırma sistemlərinin düzgün təşkili əsas prinsiplər kimi çıxış edir. Xüsusilə qida istehsalı obyektləri, heyvan kəsimi məntəqələri və heyvan satışı bazarlarında “axınların kəsişməməsi" prinsipinin təmin edilməsi əsas memarlıq və sanitariya tələbi kimi tətbiq olunur. Bu yanaşma epidemioloji təhlükəsizliyin gücləndirilməsinə, qida zəncirində risklərin minimuma endirilməsinə və ümumi fəaliyyət səmərəliliyinin artırılmasına xidmət edir. Memarlıq yalnız estetik deyil, funksional və təhlükəsizlik əsaslı bir alət kimi çıxış edərək qida təhlükəsizliyi sisteminin ayrılmaz tərkib hissəsinə çevrilir və sağlam, təhlükəsiz, dayanıqlı şəhər mühitinin formalaşmasına xidmət edir".

Müxbir - Günel Türksoy
Fotoqraf - Azər İbrahimov
Videooperator - Ceyhun Mustafayev
Chosen
73
azertag.az

1Sources