EN

ABŞ-də xüsusi təyinatlı birjada 400 min dollar qazanması iddiası ilə həbs edilib

İddialara görə, hərbçi Maduro əməliyyatı ilə bağlı gizli məlumatlardan istifadə edərək proqnoz bazarında böyük qazanc əldə edib...

ABŞ Ədliyyə Nazirliyi xüsusi əməliyyat qüvvələrinin hərbçisi Gennon Ken Van Daykın məxfi məlumatlardan istifadə edərək maliyyə qazancı əldə etməsi iddiası ilə saxlanıldığını açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

İstintaq materiallarına əsasən, Van Dayk ABŞ-nin Venesuela prezidenti Nikolas Maduroya qarşı həyata keçirdiyi “Mütləq qətiyyət” əməliyyatı ilə bağlı gizli məlumatlardan istifadə edərək Polymarket platformasında mərc edib. Bildirilir ki, o, hadisədən bir neçə gün əvvəl ABŞ-nin Venesuelaya müdaxiləsi və Maduronun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı dörd fərqli ssenariyə ümumilikdə 33 933 dollar mərc qoyub.

Ən böyük mərc – 32 537 dollar – Maduronun 31 yanvaradək vəzifəsini tərk edəcəyi proqnozu üzərinə qoyulub və nəticədə 1242 faiz gəlir gətirərək 404 222 dollar qazanc təmin edib. İstintaq materiallarında yer alan fotoya görə, Van Dayk Maduronun saxlanıldıqdan sonra gətirildiyi USS Iwo Jima gəmisinin göyərtəsində görüntülənib.

Məlumata görə, mediada şübhəli mərc əməliyyatları barədə xəbərlər yayıldıqdan sonra təqsirləndirilən şəxs izləri gizlətməyə çalışıb, Polymarket hesabını silib və kriptovalyuta cüzdanına bağlı elektron poçt ünvanını dəyişib.

Van Dayka qarşı məxfi məlumatlardan qanunsuz istifadə, qiymətli kağızlar və əmtəələrlə bağlı fırıldaqçılıq, eləcə də elektron rabitə vasitələri ilə dələduzluq maddələri üzrə ittiham irəli sürülüb. Bu iş ABŞ tarixində proqnoz bazarlarında insayder ticarəti ilə bağlı ilk cinayət işi kimi qiymətləndirilir.

Qeyd olunur ki, Polymarket platforması şübhəli əməliyyatlar barədə məlumatları özü ABŞ Ədliyyə Nazirliyinə təqdim edib. ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlamasında Van Daykın hərəkətlərini öz komandası üzərində mərc etdiyi üçün cəzalandırılan beysbolçu Pit Rouzla müqayisə edərək, “dünya təəssüf ki, böyük bir kazinoya çevrilib” ifadəsini işlədib.

Poliqon.info

Chosen
36
50
poliqon.info

10Sources