Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Mingəçevir, 24 aprel, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri Mingəçevir şəhərində konsert proqramı ilə çıxış edib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, konsert proqramı Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində reallaşdırılıb. Bu cür tədbirlərin Azərbaycan mədəniyyətinin zəngin irsinin bölgələrdə təbliği, klassik və müasir musiqimizin daha geniş auditoriyaya çatdırılması, eyni zamanda regionlarda mədəni həyatın daha da canlandırılması baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Konsertin bədii rəhbəri Xalq artisti Rafael Bayramov olub. Sənətin, musiqinin və milli ruhun bir araya gəldiyi konsertdə sənətsevərlərə klassik və müasir Azərbaycan bəstəkarlarının sevilən əsərləri təqdim olunub. Musiqi gecəsi sadəcə bir konsert deyil, milli mədəniyyətimizin nəfəsini bölgələrə daşıyan, klassik və müasir irsimizi yeni auditoriyaya təqdim edən xüsusi bir sənət bayramı olub. Mingəçevirdə keçirilən musiqi tədbiri bir daha sübut edib ki, sənət insanları birləşdirən ən güclü körpüdür və bu körpü ölkənin hər bir guşəsinə uzanmağa davam edir.
Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədinə uyğun olaraq həyata keçirilir.
Müxbir – Vüsalə Cənnətova













Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.