Bakıda obyekt qarşısında ümumi istifadədə olan ərazinin qanunsuz şəkildə zəbt edilməsi ilə bağlı növbəti narazılıq səsləndirilib.
Redaktor.az-a müraciət edən vətəndaş bildirib ki, paytaxtın Port Baku ərazisi yaxınlığında, Neftçilər prospekti 145 ünvanında yerləşən “Barbarisso” uşaq salonunun qarşısında yolun bir hissəsi xüsusi maneələrlə bağlanıb. Şikayətçinin sözlərinə görə, obyektin qarşısına maneələr düzülərək yalnız salon müştərilərinin avtomobil saxlaya bilməsi üçün şərait yaradılıb. Halbuki həmin ərazi rəsmi parklanma yeri deyil, ümumi istifadədə olan küçə hissəsidir. Vətəndaş qeyd edib ki, özünü "parklanma işçisi" kimi təqdim edən şəxs ona həmin yerin obyekt sahibləri tərəfindən “alındığı” və bu yerin müştərilər üçün olduğunu bildirib.
Bəs küçənin ümumi istifadədə olan hissəsinin hansı əsasla şəxsi istifadəyə verilməsi mümkündür və bununla bağlı hansısa qanun mövcuddurmu?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, ümumi istifadəyə məxsus olan ərazinin süni şəkildə məhdudlaşdırılması hüquqi suallar doğurur və mövcud qanunvericilik baxımından belə halların əsaslandırılması kifayət qədər çətindir:

"Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən küçə və yollar, o cümlədən onların kənarında yerləşən parklanma yerləri ümumi istifadədə olan nəqliyyat infrastrukturunun tərkib hissəsidir və bu sahələrin hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən özəl istifadəyə verilməsi yalnız müvafiq dövlət orqanlarının qərarı və qanuni əsaslarla mümkündür. Xüsusilə şəhər daxilində parklanmanın təşkili, idarə olunması və istifadəsi məsələləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tənzimlənir və bu ərazilərdə hər hansı obyekt sahibinin özbaşına maneələr qoyaraq parklanmanı məhdudlaşdırması qanunsuz hesab olunur. Qanuna görə, yalnız xüsusi təyinatlı yerlər məsələn, əlillər üçün ayrılmış yerlər, dövlət qurumlarına məxsus xidməti dayanacaqlar və ya müvafiq icazə ilə təşkil edilmiş ödənişli parklanma zonaları istisna təşkil edə bilər, lakin belə hallarda belə ərazi açıq şəkildə nişanlanmalı və hüquqi əsas sənədlərlə təsdiqlənməlidir. Obyekt sahiblərinin “bu yer alınıb” kimi iddiaları hüquqi baxımdan əsassızdır, çünki küçənin bir hissəsinin alqı-satqısı və ya özəlləşdirilməsi qanunla mümkün deyil; yalnız icarə və ya istifadə hüququ müəyyən prosedurlar çərçivəsində verilə bilər ki, bu da mütləq rəsmi qərar və şəffaf mexanizmlərlə həyata keçirilməlidir. Əks halda, vətəndaşların ümumi istifadədə olan sahələrdən istifadəsinin məhdudlaşdırılması onların hüquqlarının pozulması hesab olunur və bu kimi hallarla bağlı vətəndaşlar aidiyyəti qurumlara Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, yerli icra hakimiyyətinə və ya polis orqanlarına müraciət edərək qanunsuz maneələrin aradan qaldırılmasını tələb edə bilərlər, belə hallar inzibati məsuliyyət yarada və qanunsuz quraşdırılmış fiziki maneələrin sökülməsi ilə nəticələnə bilər".
NURİYYƏ
