EN

Dərviş toyları: inanc, yoxsa təhrif? Bu, əks təsir yaradır, insanlar dindən uzaqlaşa bilər

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər bəzi dini qruplar tərəfindən muxtəlif dini məclislər təşkil olunur. Dini toylar, mövlud mərasimləri dini qruplar şəklində həyata keçirilir.

İslam dini qaydalarına görə kişilər ayrı qrup halında, qadınlar da ayrı qrup halında bu məclislərdə iştirak edib, sonra bunu sosial şəbəkələrdə paylaşırlar. Bu isə cəmiyyət tərəfindən təhqir və tənqid hədəfinə çevrilir.

Bəzi insanlar bu məsələyə görə dini ayinləri icra edənlərə bunu paylaşmamağı məsləhət görürlər ki, dinimiz təhqir və tənqid olunmasın. Buna baxmayaraq bu dəb halını alıb.

Gununsesi.info–ya danışan ilahiyyatçı Əkrəm Həsənov məsələyə münasibət bildiriib:

“Əslində bu mövzu doğrudan da həssasdır və cəmiyyətdə həm dini, həm də sosial baxımdan ciddi müzakirə doğurur. Bir tərəfdən insanlar dini həyat yaşamaq istəyir, digər tərəfdən bu həyatın təqdim olunma forması bəzən yanlış anlaşılır və hətta dinə qarşı mənfi münasibət yaradır. Bu səbəbdən hər bir müsəlman bilməlidir ki, İslamın əsas prinsiplərindən biri həyatı çətinləşdirmək yox, asanlaşdırmaqdır. Quranda açıq şəkildə bildirilir ki, Allah sizin üçün çətinlik istəmir. Quranda Bəqərə surəsi 185-ci ayədə bu fikir aydın ifadə olunur. Eyni məna Həcc surəsi 78-ci ayədə də var. Bu, dinin ruhudur. Yəni din insanın həyatını daraltmaq üçün yox, tənzimləmək və rahatlaşdırmaq üçündür. Peyğəmbər Məhəmməd (ona və ailəsinə salam olsun) dəfələrlə buyurub ki, dini çətinləşdirməyin, asanlaşdırın, insanları uzaqlaşdırmayın, yaxınlaşdırın. Bu hədis Səhih Buxari və Səhih Müslim kimi mötəbər mənbələrdə yer alır.

Dini toy mərasimləri bizə məlumdur ki, İslamda toy sevincli bir ibadətə yaxın sosial hadisə kimi qəbul olunur. Burada əsas şərt haramdan uzaq olmaqdır, lakin bu o demək deyil ki, həyatın təbii axarı tamamilə dəyişdirilməlidir. Kişi və qadının ayrı olması məsələsi fiqh kitablarında daha çox fitnə və əxlaqi risk olan mühitlər üçün tövsiyə olunub. Böyük islam alimlərindən İmam Qəzali qeyd edirdi ki, dinin məqsədi zahiri formalardan çox, insanın qəlbini və əxlaqını qorumaqdır. Əgər forma məzmundan üstün tutulursa və bu, insanlarda narahatlıq, parçalanma və ya riya yaradırsa, artıq məqsəd itir. Yəni, dini toyu edib sonra bunu sosial şəbəkələrdə paylaşmaq bizim heç adət ənənəlrimizdə oturuşmayıb. Biz hamımız öz ölkəmizin adət-ənənələrinə görə dini olmayan toylar da edərək onu sosial şəbəkələrdə işıqlandırmırıq. Dini qruplar da bu cür mərasimləri sosial şəbəkələrdə işıqlandırmamalıdırlar.

Bu barədə böyük alim İbn Teymiyyə də qeyd edirdi ki, insanlar üçün şəriət qoyulan hökmlər onların vəziyyətinə uyğun tətbiq olunmalıdır. Yəni cəmiyyətin psixologiyası, adətləri və sosial mühiti nəzərə alınmadan sərt formalar tətbiq ediləndə əks təsir yaranır”.

İlahiyyatçı qeyd edib ki, bu gün sosial mediada gördüyümüz dini məclislərin mənzərəsi də bunun nəticəsidir:

“İnsanlar dini yaşamın mahiyyətini yox, onun sərt və bəzən süni təqdim olunan formasını görürlər və buna reaksiya verirlər.

Burada ikinci mühüm məsələ özünü, məclisini reklam etmək, nümayiş etmək, özünü digər insanlardan fərqli formada təqdim etmək, sanki, yəni guya bu adam dindardır deyə daha üstündür, guya bütün toylar və şənliklər bu formada olmalıdır kimi özünü göstərməyə hesablanır. Məhz buna görə də tənqid olunmalıdır. Biz bilməliyik ki, ibadət və dini həyat mahiyyətcə daxili məsələdir. Kimsə övladına toy edirsə tanıdığı, bildiyi, yaxın qohum əqrəbaları, dost-tanışları toy məclisinə dəvət edir, toyda çəkilən video və şəkillər yalnız həmin məclisdə iştirak edən şəxslər tərəfindən görünür və toy məclisinin görüntüsü yalnız toy sahibində qalır. Heç kim onu sosial şəbəkələrdə işıqlandırmır. Fərdi şəkildə toy məclislərində çəkilən video və şəkillər başqa məsələdir. Onu xatirə kimi insanlar saxlaya bilərlər. Ama bunu reklam kimi sosial şəbəkələrdə paylaşmaq əlbəttə İslam dini cəhətdən doğru yanaşma deyil. Quranda riyakarlıq çox sərt tənqid olunur. Məsələn, Maun surəsində ibadəti nümayişə çevirənlər haqqında ciddi xəbərdarlıq var. Qurani-Kərim bu mövzuda çox aydın danışır. Əgər toy və ya mövlud kimi məclislər sosial şəbəkədə paylaşılırsa və bu paylaşım insanlarda qıcıq, məsxərə və ya dinə qarşı yanlış təsəvvür yaradırsa, burada artıq hikmət prinsipi pozulur. Çünki Quranda Nəhl surəsi 125-ci ayədə insanları hikmətlə və gözəl üslubla dəvət etmək əmr olunur. Bu isə o deməkdir ki, hər doğru olan şey hər yerdə və hər formada təqdim edilməməlidir.

Müasir sosial psixologiya da bunu təsdiqləyir. Araşdırmalar göstərir ki, insanlar onlara yad və sərt görünən davranış modellərinə qarşı müdafiə reaksiyası verir. Bu, insan beyninin təbii qorunma mexanizmidir. Yəni əgər dini həyat cəmiyyətin böyük hissəsinə anlaşılmaz və ağır formada təqdim olunursa, nəticədə insanlar dindən uzaqlaşa bilər. Bu artıq dini təbliğ yox, əks təsir yaradır.

Ateist və dünyəvi düşüncəli alimlər də dinin sosial təqdimatına diqqət çəkirlər. Məsələn, Yuval Noah Harari qeyd edir ki, dinlər yalnız inancla deyil, onların necə təqdim olunması ilə də cəmiyyətdə yer tutur. Əgər təqdimat balanslı deyilsə, din sosial qarşıdurma obyektinə çevrilə bilər.

Bu baxımdan mənim qənaətim belədir ki, toy və digər məclislərdə əsas məsələ zahiri sərt formalar deyil, məna və əxlaqdır.\ Kişi və qadının müəyyən çərçivədə ədəblə iştirak etməsi mümkündür və bu, İslamın ruhuna zidd deyil. Əsas odur ki, haram olmasın, israf olmasın, insanların qəlbi qırılmasın və din insanlara ağır yük kimi təqdim edilməsin.

Eyni zamanda belə məclislərin sosial şəbəkələrdə nümayiş etdirilməsi məsələsində də ehtiyatlı olmaq lazımdır. Hər bir əməl yalnız doğru olmaqla kifayət etmir, onun nəticəsi də nəzərə alınmalıdır. Əgər paylaşım dinə qarşı istehza və ya nifrət yaradırsa, bu artıq hikmətsiz addım sayılır.

Belə qənaətdəyəm ki, İslam həyatın içində olan, onu tarazlayan bir dindir. Onu sərtləşdirmək, formaya həddindən artıq bağlamaq və nümayişə çevirmək düzgün deyil. Dini yaşamaq gözəldir, amma onu elə yaşamaq lazımdır ki, insanlar dindən uzaqlaşmasın, əksinə yaxınlaşsın. Burada ölçü isə həmişə Qurandır, Peyğəmbərin (ona və ailəsinə salam olsun) yolu və alimlərin hikmətli yanaşmasıdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
47
icma.az

10Sources