EN

Rumıniyada siyasi böhran:Hökumətdə kütləvi istefalar baş verdi

Rumıniyada Sosial Demokrat Partiyasının (PSD) mətbuat xidməti hökumətdə ciddi dəyişikliklərin baş verdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, kənd təsərrüfatı, energetika, əmək, ədliyyə, səhiyyə və nəqliyyat nazirləri, eləcə də baş nazirin müavini Marian Neaçsu və kabinetin baş katibi istefa verib.

PSD-nin açıqlamasında qeyd olunub ki, bu addımdan sonra baş nazir parlament əksəriyyətinin dəstəyini itirib və onun hökumətdə fəaliyyətinin demokratik legitimliyi sual altına düşüb.

Partiya vurğulayıb ki, heç bir siyasi qüvvə parlament əksəriyyətinin iradəsinə zidd olaraq milli suverenliyi təmsil edə bilməz.

Məlumata görə, sosial demokratlar kabinetin legitimliyinin Konstitusiya Məhkəməsində araşdırılması üçün müraciət etməyi planlaşdırır və parlamentdə etimad səsverməsi keçirilməsini tələb edirlər.

Qeyd olunub ki, istefa ərizələri rəsmiləşdirildikdən sonra Prezident Administrasiyasına təqdim ediləcək və müvəqqəti təyinatlarla bağlı qərarlar hazırlanacaq.

Bildirilib ki, böhran PSD-nin hökumətin sərt iqtisadi tədbirləri və koalisiya daxilində dialoqun olmaması səbəbindən dəstəyini geri çəkməsi ilə başlayıb.

Hazırda Rumıniyada hakimiyyət mərkəz-sol PSD, mərkəz-sağ PNL və digər siyasi partiyalardan ibarət koalisiya tərəfindən idarə olunur. Prezident Nikusor Dan isə siyasi böhranın həlli üçün partiyalar arasında kompromis axtarır.

Aminə ŞAHSUVARQIZI

Chosen
85
1
redaktor.az

2Sources