EN

"Məktəblərdə rəqəmsal savadlılıq təhsili verilməlidir" - TƏKLİF

Türkiyədə məktəblərə edilən son hücumlardan sonra uşaqların rəqəmsal mühitdə qorunması üçün yeni qaydalar müzakirə olunur. Təkliflər arasında 18 yaşdan aşağı istifadəçilər üçün xüsusi “uşaq xətti” adlı SİM kart sistemi, valideyn nəzarətinin gücləndirilməsi, yaşa uyğun olmayan tətbiqlərə girişin məhdudlaşdırılması, VPN xidmətlərinin lisenziyalaşdırılması və bir şəxsin adına qeydiyyatdan keçirilən mobil nömrələrin sayına limit qoyulması yer alır.

Azərbaycanda da belə bir tədbirlərə ehtiyac varmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, Türkiyədə son hadisələrdən sonra müzakirə olunan bu tip tədbirlər, xüsusilə uşaq xətti kimi ayrıca SİM kart modeli əslində təkcə təhlükəsizliyi deyil, həm də rəqəmsal mühitdə uşaqların davranış mexanizmini tənzimləmək cəhdini göstərir:

"Yəni bu, davranışı tənzimləmək təşəbbüsü kimi görünür. Azərbaycanda belə bir yanaşmanın lazım olub-olmaması bir az daha mürəkkəb məsələdir. Çünki bir tərəfdən buna ehtiyac var. Azərbaycanda da uşaqlar çox erkən yaşdan smartfon və sosial şəbəkələrə çıxış əldə edir. Zərərli kontent, kiber təzyiq, onlayn oyun asılılığı kimi problemlər realdır. Bu baxımdan yaşa uyğun filtrasiya, valideyn nəzarəti alətlərinin gücləndirilməsi, müəyyən tətbiqlərə məhdudiyyətlər kimi addımlar məntiqli görünür. Amma uşaq SİM kart ideyasının özü avtomatik həll deyil, çünki burada risklər də var. Misal üçün, texniki yoxlama yolları mövcuddur, uşaq başqa birinin SİM kartından və ya WiFi üzərindən məhdudiyyətləri rahat keçə bilər. Həddindən artıq nəzarət olduqda, çox sərt məhdudiyyətlər uşaqlarda gizli istifadə və yaxud alternativ yollar axtarmaq davranışı yaradır. Burada azadlıqlar və məxfilik məsələsi də var. Çünki VPN-lərin lisenziyalaşdırılması kimi addımlar yalnız uşaqlar üçün deyil, ümumi istifadəçilərə də təsir göstərə bilər.

Düşünürəm ki, daha balanslı yanaşma mümkün ola bilər. Məcburi SİM kartdan çox, belə deyək, opsional uşaq rejimi paketləri, məsələn, operator səviyyəsində filtr və əlavə valideyn paneli ola bilər. Sonra məktəblərdə rəqəmsal savadlılıq təhsili verilməlidir, uşaq özü riskləri başa düşməlidir. Valideynlər üçün də praktiki nəzarət alətləri və maarifləndirmə tədbirləri ola bilər. Ümumiyyətlə, platformalarla əməkdaşlıq məsələsi, yaş doğruluğu sistemləri və sair addımlar da nəzərdən keçirilməlidir. Ümumiyyətlə, Azərbaycanda uşaqların rəqəmsal qorunmasına ehtiyac varmı? Var. Amma bunu yalnız xüsusi SİM kartla həll etmək real deyil. Daha effektiv yolun texnologiya, təhsil və valideyn nəzarətinin kombinasiyası olduğunu düşünürəm".

NURİYYƏ

Chosen
68
1
redaktor.az

2Sources