Binəqədi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada, xuliqanlıqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Uğur Tahirlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham xaric edilib, həmin Məcəllənin 221.3 və 315-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
İttihama əsasən, hadisə 14 fevral 2025-ci il tarixdə, saat 09:50 radələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin inzibati binasında baş verib.
Belə ki, Uğur Tahirli həmin qurumun qəbul şöbəsinə gələrək əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspert komissiyasında müayinədən keçmək üçün müraciət edib. Lakin qeydiyyatçı vəzifəsində çalışan əməkdaş tərəfindən onun adının həmin gün üçün nəzərdə tutulmuş siyahıda olmadığı bildirilib.
Daha sonra məsələni dəqiqləşdirmək üçün digər əməkdaş da prosesə cəlb olunub və aparılan yoxlama nəticəsində təqsirləndirilən şəxsin siyahıdan çıxarıldığı, buna səbəb kimi isə onun şəxsi işində qeyd olunan əlaqə nömrəsi ilə saxlanılan şəxsin müayinəyə gəlməyəcəyini bildirməsi göstərilib.
Bundan narazı qalan Uğur Tahirli qəbul şöbəsində olan digər vətəndaşların və işçilərin gözü qarşısında aqressiv davranış nümayiş etdirərək ictimai qaydanı kobud şəkildə pozub. O, ucadan qışqıraraq qeydiyyatçı əməkdaşların üzərinə hücum edib və özü ilə gətirdiyi dirsəkli əsanı silah qismində istifadə etməyə çalışıb. Əsa masanın üzərindəki arakəsməyə dəydiyindən əməkdaşlar xəsarət almaqdan xilas olub.
Bununla kifayətlənməyən təqsirləndirilən şəxs iş masasına təpik vuraraq onu zədələyib və nəticədə dövlət qurumuna 38 manat məbləğində maddi ziyan vurub.
Hadisə yerinə yaxınlaşan polis əməkdaşları onu sakitləşdirməyə çalışaraq binadan çölə çıxarsalar da, Uğur Tahirli davranışlarını davam etdirərək səs-küy salıb, özünü yerə atıb və ətrafda gərginlik yaradıb. Daha sonra o, əynində olan formasının gödəkcəsini çıxararaq qeyri-adekvat hərəkətlərini davam etdirib.
İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs həmin vaxt həyat yoldaşı ilə birlikdə binaya daxil olarkən masaya qoyulmuş cib bıçağını götürərək özünə xəsarət yetirəcəyini bildirib. Ona mane olmaq istəyən polis əməkdaşlarını və digər şəxsləri bıçaqla vuracağı ilə hədələyərək müqavimət göstərib.
Polis əməkdaşlarından biri onun əlindəki bıçağı almağa cəhd göstərən zaman təqsirləndirilən şəxs müqavimət göstərərək polis əməkdaşının əl nahiyəsindən xəsarət almasına səbəb olub. Daha sonra o, eyni bıçaqla həmin polis əməkdaşının sağ bud nahiyəsinə zərbə endirib və nəticədə zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirilib.
Beləliklə, istintaqın qənaətinə görə, Uğur Tahirli silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud şəkildə pozub, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib, həmçinin ictimai qaydanın qorunmasını təmin edən hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərib.
Kamal Məmmədov