Qəhvə bağırsaq və beyin arasındakı əlaqəyə müsbət təsir edir.
“MedixalXpress” portalının məlumatına görə, bununla bağlı İrlandiyanın Kork Universitetinin alimləri yeni tədqiqat aparıblar. Nəticələr isə “Nature Communications” jurnalında dərc olunub.
Araşdırmada 62 nəfər iştirak edib. Onların yarısı gündə 3-5 fincan qəhvə içənlər, digər yarısı isə qəhvə içməyənlər olub. İştirakçılar əvvəlcə iki həftə qəhvədən imtina edib, daha sonra isə bir qrup kofeinli, digər qrup kofeinsiz qəhvə qəbul edib.
Əsas nəticələrə görə, həm kofeinli, həm də kofeinsiz qəhvə içənlərdə stres, depressiya və impulsivlik azalıb. Qəhvə bağırsaq mikrobiomunu dəyişərək faydalı bakteriyaları artırıb. Kofeinsiz qəhvə yaddaş və öyrənməni yaxşılaşdırıb. Kofeinli qəhvə diqqəti artırıb və narahatlığı azaldıb.
Alimlər bildirirlər ki, qəhvə sadəcə kofein deyil, onun tərkibindəki digər maddələr də bağırsaq mikrobları ilə qarşılıqlı təsirə girərək həm həzmi, həm də əhval-ruhiyyəni yaxşılaşdıra bilər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”