Avropada səyahətə maraq 2026-cı ildə rekord səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Yunanıstanın “Kathimerini” nəşrində yer alıb.
Məlumata görə, əsas göstəricilər “European Travel Commission” (Avropa səyahət komissiyası) tərəfindən hazırlanmış son hesabatda əks olunub. Hesabata əsasən, 2026-cı ilin ilk yarısı üçün Avropa vətəndaşlarının 82 faizi səyahət etməyi planlaşdırır ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricilərdən biridir.
Bildirilir ki, həyat səviyyəsinin bahalaşması və Yaxın Şərqdə artan gərginliyə baxmayaraq, avropalıların səyahət etmək istəyi zəifləməyib. Bununla yanaşı, turistlərin davranışında müəyyən dəyişikliklər müşahidə olunur. Belə ki, bir çox səyahətçi xərcləri azaltmaq məqsədilə səfərlərin müddətini qısaltmağa və büdcəni daha diqqətlə planlaşdırmağa üstünlük verir. Statistikaya görə, turistlərin əhəmiyyətli hissəsi 4–6 günlük səfərlərə üstünlük verir və daha uzunmüddətli istirahətlərin payı azalır.
Eyni zamanda təhlükəsizlik məsələləri də əsas seçim meyarlarından birinə çevrilib. Sorğuda iştirak edənlərin 22 faizi üçün səyahət istiqamətinin təhlükəsizliyi əsas amil kimi göstərilir, 18 faizi isə Yaxın Şərqdəki gərginliyi əsas narahatlıq səbəbi hesab edir.
Məlumata görə, Avropa daxilində ən çox üstünlük verilən istiqamətlər Cənubi Avropa və Aralıq dənizi regionudur. Bu istiqamətlərə maraq artmaqda davam edir və xüsusilə dəniz turizmi əsas seçim olaraq qalır.
Bununla yanaşı, turizm bazarının daha həssas hala gəldiyi qeyd olunur. Artan xərclər və geosiyasi risklər fonunda turizm sektorundan daha çevik və təhlükəsizlikyönümlü yanaşmalar tələb olunur.