EN

Nə üçün günəşdən qoruyucu kremlərdən istifadə etməliyik?

Yazın gəlişi ilə birlikdə Günəş şüalarının təsiri daha aydın hiss olunmağa başlayır. Küçədə keçirdiyimiz vaxt artdıqca, dərimizin ultrabənövşəyi (UV) şüalara məruz qalma riski də yüksəlir. Bu isə təkcə qısamüddətli yanıq və qızartı ilə deyil, uzunmüddətli dəri problemlərinin yaranması ilə də nəticələnə bilər. Məhz bu səbəbdən son illərdə SPF (Sun Protection Factor) tərkibli Günəşdən qoruyucu vasitələrin ristifadəsi əvvəlki dövrlərlə müqayisədə daha çox gündəmə gəlir.

Günəşdən qoruyucu kremlər artıq yalnız yay çantalarının atributu deyil. Dəriyə qulluq rutininin əsas mərhələlərindən biri kimi qəbul edilən SPF məhsulları, ilin bütün fəsillərində istifadə edilməli olan vasitələr sırasında yer alır. Çünki UV şüaları buludlu havada belə təsirini itirmir və şəhər mühitində dəriyə zərər verməyə davam edir.

SPF istifadəsi gündəlik qaydaya çevrilməlidir

Gündəlik həyatda SPF istifadəsinə laqeyd yanaşma isə bir çox hallarda gec fərq edilən problemlərə səbəb olur. Dərinin vaxtından əvvəl qocalması, dərinin tonunda bərabərsizlik, ləkələrin yaranması kimi hallar əksərən qorunmasız günəş təması ilə əlaqələndirilir. Bu baxımdan Günəşdən qorunmaq estetik məsələ olmaqla yanaşı, ümumi sağlamlıq üçün də vacib addım kimi qiymətləndirilir. Bununla yanaşı, SPF məhsullarının düzgün seçimi və istifadəsi də əhəmiyyətlidir. Dərinin tipinə uyğun vasitə seçmək, gün ərzində yenidən tətbiq etmək və yalnız açıq havada deyil, qapalı məkanlarda da istifadəni davam etdirmək effektiv qorunmanın əsas şərtlərindən sayılır.

Müasir həyat tərzi, xüsusilə də açıq hava fəaliyyətlərinin artması günəşdən qorunmanı daha aktual edir. Bu səbəbdən SPF istifadəsi artıq mövsümi deyil, davamlı vərdiş kimi formalaşmalıdır. Günəşin təsiri qaçılmaz olsa da, ondan qorunmaq fərdi seçim və məsuliyyət olaraq qalır.

Təkcə günəş şüalarımı?..

Dermatoloq Sevinc Kərimova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, yaz fəslinin gəlişi ilə günəş şüalarının təsiri tədricən artır və bu da dərinin zərərli ultrabənövşəyi şüalara məruz qalma riskini yüksəldir. Onun sözlərinə görə, günəş şüalarının faydalı təsirlərindən düzgün şəkildə yararlanmaqla yanaşı, onun zərərli təsirlərindən qorunmaq da vacibdir: “İsti havalarda açıq geyimlərdən istifadə edildiyi üçün dərinin günəşə məruz qalan hissələri, xüsusilə üz və bədənin açıq sahələri daha həssas olur. Bu səbəbdən yaz aylarından etibarən günəşdən qoruyucu kremlərin (SPF) mütəmadi istifadəsi tövsiyə olunur.

Nəzərə almaq lazımdır ki, insanlar yalnız günəş şüalarına deyil, eyni zamanda, gündəlik istifadə etdikləri elektron cihazların, mobil telefon və kompüterlərin yaydığı müəyyən şüalanmalara da məruz qalırlar. Bu baxımdan, SPF tərkibli qoruyucu vasitələr dərinin müdafiəsində mühüm rol oynayır.”

SPF hər yaş qrupu üçün vacibdir

Mütəxəssis vurğuladı ki, günəşdən qoruyucu kremlər körpələrdən yaşlılara qədər hər kəs üçün uyğundur. Müasir dövrdə bu vasitələr yağlı, quru, həssas, akneli və allergik dərilər üçün ayrıca növlərdə istehsal olunur. Dərinin xüsusiyyətlərinə uyğun məhsul seçimi üçün dermatoloq və ya əczaçı ilə məsləhətləşmək tövsiyə edilir.

Dəri tiplərinə görə fərqli həssaslıq

Dermatoloq dərinin dörd əsas tipə bölündüyünü və hər dəri tipinin A və B variantları olduğunu xatırlatdı: “Birinci tip dərilər daha açıq rəngli, melanin piqmenti az olan, tez yanmağa meyilli dərilərdir. Bu tip insanlarda adətən gözlər açıq rəngli (mavi, açıq yaşıl, açıq qəhvəyi), saçlar isə sarı və ya açıq tonlarda olur. İkinci tip dərilər nisbətən daha çox piqmentə malik olur. Bu cür dəriyə sahib insanlar adətən “qarabuğdayı” da adlandırılır və onların saçları tünd şabalıdı və ya qara, gözləri qəhvəyi, açıq qəhvəyi rəngdə ola bilər. Birinci dəri tipinə nisbətən daha çox piqmentə malik olmalarına baxmayaraq, ikinci tip dərilərdə də günəşə qarşı həssaslığın səviyyəsi dəyişmir.  Üçüncü tip dərilərə adətən Mərkəzi Asiya Xalqlarında rast gəlmək mümkündür. Onların dərisi daha tünd rəngli olub, günəşə qarşı müqavimətləri nisbətən yüksəkdir. Üçüncü tip dəriyə malik insanlarda da tünd qəhvəyi və ya qara rəngli saçlara və gözlərə rast gəlinir. Dördüncü tip isə tünd dərili insanları əhatə edir. Bu dəri tipinə malik insanların dəriləri qəhvəyi, saçları isə tünd qəhvəyi və ya qara rəngdədir.

Qeyd etmək lazımdır ki, günəş şüaları xüsusilə birinci və ikinci tip dərilərə daha çox zərər verir. Lazer prosedurları zamanı isə əksinə, daha tünd dərili insanlarda yanıq riski artır. Bu səbəbdən bu kimi prosedurlar yalnız peşəkar mütəxəssislər tərəfindən düzgün dozalanaraq həyata keçirilməlidir.”

Yanlış istifadə ciddi problemlərə yol açır

Mütəxəssisin sözlərinə görə, SPF kremlərdən istifadə günəş altında uzun müddət qalmaq üçün əsas vermir: “Bu kremlər çətir və ya qoruyucu geyim deyil. Onlar müəyyən müddət ərzində təsir göstərir və gün ərzində hər 2-3 saatdan bir yenilənməlidir.”

Yanlış istifadə nəticəsində bir çox insanların günəş yanığı və suluqlu dəri zədələri ilə müraciət etdiyini deyən dermatoloq əlavə etdi ki, günəş şüalarına uzunmüddətli və müdafiəsiz məruz qalmaq dəri xərçəngi riskini artırır: “Son illərdə bazal hüceyrəli karsinoma və melanoma hallarında artım müşahidə olunur. Bununla yanaşı, günəş şüalarının orqanizm üçün müəyyən faydaları, o cümlədən D vitamini sintezi olsa da həddindən artıq günəşlənmək əks təsir yarada, hətta zəhərlənməyə səbəb ola bilər. Həmçinin bəzi insanlarda günəş allergiyası da müşahidə olunur.

Xüsusilə günəş aktivliyinin yüksək olduğu dövrlərdə bu qaydaya ciddi əməl olunması tövsiyə edildiyini bildirən dermatoloq fikirlərini ümumiləşdirərək vurğuladı ki, günəşdən qoruyucu vasitələr yalnız günəşli havalarda deyil, ilin bütün fəsillərində istifadə edilməlidir.

Şahnigar Əhmədova, “İki sahil”

Chosen
14
ikisahil.az

1Sources