Son dövrlərdə ölkəyə turist axınında ümumi azalma müşahidə olunsa da, struktur göstəricilər vəziyyətin daha mürəkkəb olduğunu göstərir.
İqtisadçı ekspert Akif Nəsirli QHT.az-a açıqlamasında ümumi 4,7 faiz azalmada əsas amilin müəyyən ölkələrdən gəlişlərin azalması ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, MDB ölkələrindən gələnlərin ümumi turist axınında 36 faizdən çox paya sahib olmasına baxmayaraq, bu qrupdakı artım digər regionlardakı azalmanı kompensasiya etməyə kifayət etməyib.
Ekspert Avropa İttifaqı ölkələrindən gələn turist sayında 27,4 faizlik artımı müsbət tendensiya kimi qiymətləndirib. O bildirib ki, bu artım Azərbaycanın Avropa ilə enerji və diplomatik əlaqələrinin güclənməsi, həmçinin turizm marağının yüksəlməsi ilə bağlıdır. Lakin ümumi həcm hələ ki, 21,8 min nəfər səviyyəsində qalır.
A.Nəsirli həmçinin regionda turizm rəqabətinin artdığını vurğulayıb. Onun fikrincə, Gürcüstan, Türkiyə və Orta Asiya ölkələrinin daha aktiv tanıtım siyasəti Azərbaycanın turist cəlbediciliyinə təsir göstərə bilər. Bundan başqa, səfər xərclərinin artması, uçuş imkanlarının məhdudluğu və bəzi bazarlarda məlumatlılığın zəifliyi də azalmanın səbəbləri arasında göstərilir.
Ekspertin sözlərinə görə, əsas diqqət azalan turistlərin hansı kateqoriyaya aid olduğuna yönəlməlidir. Əgər azalma tranzit və qısamüddətli biznes səfərləri hesabınadırsa, bunun turizm gəlirlərinə təsiri məhdud ola bilər. Lakin istirahət məqsədli turistlərin sayında azalma daha ciddi nəticələr doğura bilər.
Zəhra Ağayeva