22 aprel 2026-cı il tarixində Pirallahı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası və “Heydər Əliyevin Azərbaycan memarlığında izi” başlıqlı elmi-praktik konfrans keçirilib.
"Unikal" xəbər verir ki, tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Bələdiyyəsinin və Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi, Türkiyə Respublikasının Fatih Sultan Mehmet Universitetinin doktorantı, memar-tədqiqatçı Aysel Hüseynova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, həmçinin rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbirdən əvvəl rayon ərazisinin girişində, Pirallahı Rayon İcra Hakimiyyəti ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı Sənaye Parkının yaxınlığında genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub. Aksiyada rayon rəhbərliyi, müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri ilə yanaşı, məktəblilər də fəal iştirak ediblər. Hər bir məktəb öz şüarı ilə ayrılmış əraziyə daxil olaraq ağaclar əkib, onlara aqrotexniki qulluq göstərib. Daha sonra şagirdlər hazırladıqları şüarları böyük ruh yüksəkliyi ilə əraziyə yerləşdiriblər. Rayon İcra Hakimiyyətinin başçısı şagirdlərlə görüşərək onların təşəbbüslərini yüksək qiymətləndirib və bu kimi fəaliyyətlərin davamlı olmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, aksiya çərçivəsində eldar şamı, zeytun və sərv ağacları olmaqla ümumilikdə 300 ədəddən çox ağac əkilib.
Daha sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında “Heydər Əliyevin Azərbaycan memarlığında izi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Ümummilli lider Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
İlk olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi hər iki dövr Azərbaycan şəhərsalma və memarlığının inkişafında mühüm mərhələ təşkil edir. Bu illərdə şəhərlərin tarixi simasının qorunması, memarlıq abidələrinin bərpası və sahənin institusional inkişafı təmin olunub. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi ilk dövrdə ölkədə bir sıra əlamətdar dövlət binaları inşa olunub və mövcud obyektlər yenilənib. Xüsusilə Bakı şəhərində Respublika Sarayı və Gülüstan Sarayı əsas inzibati mərkəzlər kimi tikilib, ölkənin simasının yenilənməsinə böyük töhfə verib.
Eyni zamanda mədəniyyət obyektləri, yaşayış massivləri və digər sosial infrastruktur layihələri həyata keçirilib, şəhərsalma və memarlıq siyasətində tarixi simanın qorunması və estetik uyğunluq prinsipləri gücləndirilib. Ümummilli liderin ölkəyə ikinci rəhbərliyi dövründə isə tikinti və abadlıq işləri daha geniş miqyas alıb. Belə ki, bu dövrdə Bakı və regionlarda müasir dövlət, təhsil və mədəniyyət obyektləri yaradılıb, rayon və şəhərlərin abadlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. RİH başçısı çıxışının davamında vurğulayıb ki, milli memarlığa göstərilən diqqət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində genişmiqyaslı quruculuq işləri aparılır, müasir standartlara uyğun yeni yaşayış məntəqələri salınır və tarixi irs bərpa olunur. Həmçinin qeyd olunub ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilib. 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu və bununla bağlı ölkədə “Şəhərsalma və Memarlıq İli”nin elan olunması bu sahəyə göstərilən yüksək diqqətin bariz nümunəsidir. Qeyd edilib ki, Pirallahı rayonunda da təsdiq olunmuş tədbirlər planına uyğun olaraq abadlıq-quruculuq işləri genişləndirilib, infrastruktur yenilənib və ətraf mühitin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir ki, bu da rayonun dayanıqlı inkişafını təmin edir.
Daha sonra Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi, memar-tədqiqatçı Aysel Hüseynova geniş məruzə ilə çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan memarlığında rolu yalnız ayrı-ayrı tikinti layihələrinin təşviqi ilə məhdudlaşmır, eyni zamanda milli memarlıq ənənələrinin qorunması və müasir memarlıq düşüncəsinin formalaşdırılmasına yönəlmiş strateji yanaşmanı əhatə edir. O vurğulayıb ki, həmin dövrdə həyata keçirilən şəhərsalma siyasəti Bakının simasının yenilənməsinə, regionlarda infrastrukturun inkişafına və memarlıq irsinin bərpasına mühüm təkan verib. Aysel Hüseynova əlavə edib ki, bu dövrdə inşa olunan ictimai binalar, mədəniyyət ocaqları və inzibati komplekslər milli üslubla müasir memarlıq elementlərinin sintezini özündə əks etdirərək Azərbaycanın memarlıq məktəbinin inkişafına yeni istiqamət verib. Onun sözlərinə görə, bu gün ölkənin memarlıq mühitində müşahidə olunan dinamika və beynəlxalq səviyyədə tanınan layihələr məhz həmin dövrdə qoyulmuş möhkəm təməlin nəticəsidir və bu irs gələcək nəsil memarlar üçün mühüm ilham mənbəyi olaraq qalır.
Sonda çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən cari il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub və bu çərçivədə artıq bir sıra tədbirlər həyata keçirilib, il ərzində isə bu istiqamətdə işlər davam etdiriləcək.
O, həmçinin qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə memarlıq və şəhərsalma sahəsində mühüm nailiyyətlər əldə olunub, şəhərlərin siması yenilənib, yeni yaşayış massivləri salınıb, Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərin inkişaf planları hazırlanaraq icra edilib. Tarixi və memarlıq abidələrinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.