İcbari tibbi sığortada xidmətlərin keyfiyyəti və əlçatanlığı artırılacaq
"Unikal" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev APA-ya müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin 2026-cı il 19 mart tarixli Fərmanına əsasən icbari tibbi sığorta sahəsində aparılan islahatlar yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətlərinin nazirliyə həvalə olunması bu istiqamətdə görülən işlərin daha da gücləndirilməsinə xidmət edir.
Anar Əliyev bildirib ki, hazırda fərmanın icrası çərçivəsində iki əsas komissiya fəaliyyət göstərir. Bu komissiyalardan biri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi prosesini təmin edir, digəri isə reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinə ötürülməsini həyata keçirir.
Nazirin sözlərinə görə, qarşıya qoyulan əsas məqsədlərdən biri əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və əlçatanlığının genişləndirilməsidir. Bu çərçivədə icbari tibbi sığorta üzrə proqramların əhatə dairəsinin artırılması və xidmət səviyyəsinin yüksəldilməsi əsas prioritetlər sırasındadır.
Eyni zamanda, sistemin tam rəqəmsallaşdırılması, tibbi xidmətlərin standartlaşdırılması və göstərilən xidmətlərin sayının artırılması istiqamətində də işlər aparılır.
Anar Əliyev vurğulayıb ki, hökumətin birgə fəaliyyəti nəticəsində icbari tibbi sığorta sistemində əlçatanlıq, keyfiyyət və xidmət müxtəlifliyinin artırılması əsas hədəflər kimi müəyyən edilib.