EN

"Azərbaycan-Latviya arasında imzalanacaq memorandum iki ölkə münasibətlərinin strateji dərinlik qazanmasının növbəti addımıdır" - ŞƏRH

"Azərbaycan-Latviya arasında imzalanacaq memorandum iki ölkə münasibətlərinin strateji dərinlik qazanmasının növbəti addımıdır" - ŞƏRHAzərbaycan və Latviya konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.

Sonxeber.az Latviya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sənəd ölkə Prezidenti Edqars Rinkeviçsin 21-23 aprel 2026-cı il tarixlərində Azərbaycana edəcəyi rəsmi səfəri çərçivəsində imzalanacaq.

Səfər zamanı dövlət başçısını Latviyanın xarici işlər naziri Bayba Braje müşayiət edəcək.

"Azərbaycan-Latviya münasibətlərində konsulluq əməkdaşlığı üzrə Anlaşma Memorandumunun imzalanması texniki sənəd kimi görünsə də, əslində daha geniş siyasi və institusional yaxınlaşmanın indikatorudur", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Edqars Rinkeviçs-in Bakıya səfəri fonunda bu addım iki ölkənin yalnız diplomatik deyil, həm də praktiki səviyyədə qarşılıqlı əlaqələri dərinləşdirmək niyyətini ortaya qoyur. Konsulluq sahəsində məlumat və təcrübə mübadiləsi vətəndaşların hüquqlarının qorunması, miqrasiya axınlarının tənzimlənməsi və hüquqi prosedurların sadələşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Latviyanın xarici işlər naziri Bayba Braže ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında planlaşdırılan görüş isə bu əməkdaşlığın yalnız konsulluq çərçivəsində qalmayacağını göstərir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, tərəflər regional təhlükəsizlik məsələlərini - xüsusilə Azərbaycan-Ermənistan normallaşma prosesi və Ukrayna müharibəsi kimi həssas mövzuları müzakirə etməyi planlaşdırır. Bu isə Latviyanın Cənubi Qafqazdakı proseslərə artan marağını və Avropa İttifaqının regiona daha fəal inteqrasiya siyasətini əks etdirir.

Digər tərəfdən, Azərbaycan üçün Baltik regionu ilə əlaqələrin genişlənməsi xarici siyasətdə balanslaşdırma strategiyasının bir hissəsidir. Bakı həm Şərq, həm də Qərb istiqamətində paralel diplomatik xətt apararaq öz manevr imkanlarını artırmağa çalışır. Bu kontekstdə konsulluq əməkdaşlığı kimi "yumşaq" sahələrdə atılan addımlar gələcəkdə iqtisadi, nəqliyyat və enerji layihələri üçün zəmin rolunu oynaya bilər.

Nəticə etibarilə, imzalanacaq memorandum təkcə inzibati prosedurların təkmilləşdirilməsi deyil, həm də Azərbaycan-Latviya münasibətlərinin mərhələli şəkildə strateji dərinlik qazanmasının növbəti addımı kimi qiymətləndirilməlidir".

Chosen
61
sonxeber.az

1Sources