EN

Maşını olanların nəzərinə: Digər avtomobilə vurulan zərərə görə sığorta cəzası tətbiq olunur

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində sığortalıların sığorta tarixçəsi üzrə mövcud “Bonus-Malus” sisteminin yenilənməsi ilə bağlı dəyişiklikləri təsdiqləyib.

Musavat.com Mərkəzi Banka istinadən xəbər verir ki, “Bonus-Malus” sistemi sürücülərin sığorta tarixçəsinə əsaslanaraq onların risk səviyyəsini qiymətləndirən və bu qiymətləndirməyə uyğun olaraq sığorta haqlarına güzəşt və ya əlavələrin tətbiq olunmasını nəzərdə tutan mexanizmdir.

Təsdiq olunmuş dəyişikliklərə əsasən, mövcud “Bonus-Malus” sistemi fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunacaq. Əvvəlki mexanizmdə mövcud olan “Bonus-Malus” sinifləri, eləcə də qəza və ya qəzasızlıq halında bu siniflər arasında keçidlərin əvəzinə daha sadə və anlaşılan yanaşma tətbiq olunacaq. Belə ki, əvvəlki mexanizmlə oxşar olaraq, bu sığorta növü üzrə qəza törədilmədiyi halda şəxsin sığorta haqlarına 5 faiz güzəşt tətbiq olunacaq. Üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman isə zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30 faiz əlavə tətbiq olunur.

Bununla yanaşı, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin Sığorta Tarixçəsi Əmsalı tətbiq olunacaq. Mərkəzi Bank bildirir ki, bu yanaşmanın məqsədi üçüncü şəxslərə zərərvurma ehtimalı ən yüksək olan şəxslərə münasibətdə intizamlı yanaşmanı gücləndirməkdir.

Eyni zamanda yeni dəyişikliklərə əsasən, qəza halında sığorta haqqına əlavələrin tətbiqi sığorta müqaviləsini bağlayan tərəfə deyil, üçüncü şəxslərə zərər vuran nəqliyyat vasitəsini idarə edən şəxsə tətbiq olunacaq.

Hüquqi şəxslərə Sığorta Tarixçəsi Əmsalı tətbiq olunmayacaq. Bununla belə, hüquqi şəxslərin nəqliyyat vasitəsini idarə edərkən üçüncü şəxslərə zərər vuran nəqliyyat vasitəsini idarə edən şəxslərin sığorta haqlarına əlavə tətbiq ediləcək. Taksi fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə Sığorta Tarixçəsi Əmsalının tətbiq olunması dəyişilməz olaraq davam etdiriləcək: “Ümumilikdə, təqdim olunan dəyişikliklərin əsas məqsədi nəqliyyat vasitəsini idarə edərkən üçüncü şəxslərin səhhətinə və əmlakına zərərvurma ehtimalına əsaslanan ədalətli, həmçinin risk əsaslı yeni modelin tətbiq olunmasıdır”.

Təsdiq olunmuş dəyişikliklər dərc edildiyi gündən iki ay sonra qüvvəyə minəcək.

Musavat.com

Chosen
4
5
musavat.com

10Sources