Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanmaq şansı əldə ediblər.
Offsideplus.az xəbər verir ki, üç təmsilçimiz - Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) fəxri kürsünün son pilləsi uğrunda mübarizə aparacaqlar.
Yarımfinal mərhələsində Beka Kandelaki macarıstanlı Dariuş Vitek ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatsa da, ilk xal prinsipinə görə rəqib qalib elan edilib və Kandelaki finalın bir addımlığında dayanıb. Digər təmsilçimiz İslam Abbasov isə bolqarıstanlı Semyon Novikova 0:4 hesabı ilə uduzaraq bürünc medal uğrunda görüşə qatılmaq hüququ qazanıb.
Rəşad Məmmədovun bürünc medal şansı isə rəqibinin uğurlu çıxışı ilə bağlı olub. Belə ki, 1/4 finalda Rəşada qalib gələn Emin Səfərşayev (UWW) finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşlərə çıxmaq imkanı əldə edib.