EN

Ayətullahlara rəhmət oxutduranlar...

Müharibəyədək İranın siyasi isteblişmenti birrəngli deyildi, islahatçıların, hərbi elitanın və dindarları öz siyasi mövqeyi vardı, indi isə ancaq “odla oynayan” SEPAH yönətimi var; bizim və onlarının atəşkəsi...

Biz ölkə  olaraq  iki Qarabağ müharibəsi arasındakı uzun illərin atəşkəsinə şahidlik etmişik.1994-cü ilin 12 mayından hesablasaq, yalnız 22 il sonra 2016-cı ilin aprel döyüşlərinədək atəşkəs rejiminə əməl olunmuşdur. Yəni biz  atəşkəsin də, onun pozulmasının da nə demək olduğunu yaxşı bilirik. Pozulan atəşkəslər minlərlə əsgərimizin ömrünü yarıda  kəsib, nə qədər insanımız “sükutun” arxasındakı ümidsizlikdən, bir daha doğma yurd-yuvalarına qayıtmayacağının xiffətindən bu dünyadan köçüb...


Picture

Ikinci Qarabağ müharibəsi zamanı ermənilər bir neçə dəfə atəşkəs təklif ediblər, amma Azərbaycanın şərtlərin ilə razılaşmadıqları üçün istəkləri baş tutmayıb. 9 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən 9 maddədən ibarət atəşkəs bəyanatı imzalanıb. Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Qarabağ bölgəsindəki bütün hərbi əməliyyatların dayandırıldığı elan edildi.

Azərbaycanla Ermənistan arasında davam edən atəşkəs sülh müqaviləsi ilə möhkəmlənməyib. Avropanın mərkəzindəki guya haqqı nahaqa verməyən iki dövlət(cik)-Belçika və Niderland parlamentləri isə dünyanın başqa gündəmi olduğu vaxtda Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vuran qətnamələr qəbul ediblər. Onların qətnamələrinin içərisində nə yazıldığını boş verin, əsas niyyətdir, o da aydındır- sülh olmasın, başı dərdlər çəkmiş iki xalq yenə müharibə etsinlər. Atəşkəsin pozulmasını istəyən başqa qüvvələr də var və onlar sülh müqaviləsi imzalananadək bu pis niyyətlərindən əl çəkməyəcəklər. Ona görə biz nə İrəvandan verilən sülh bəyanatlarına, nə “kövrək atəşkəs” rejiminə arxayın olmalıyıq...

Picture

Son günlər “atəşkəs” ifadəsini yenidən tez-tez eşidirik, ABŞ/İsrail və İran arasında 21 apreldə başa çatacaq atəşkəs razılaşmasının uzadılacağı, yoxsa Azərbaycanla 689.km sərhədi olan ölkədə yenidən silahların işə düşüb-düşməyəcəyi həyəcanla izlənilir.

Hər nə qədər sözünə etimad itsə də, ABŞ prezidenti “Bloomberg”ə verdiyi son açıqlamada İranla atəşkəsin uzadılması ehtimalının az olduğunu deyib. Gah deyib Tehranla sənəd imzalanacaq, gah da deyib ki, bu ölkəni məhv edəcək. Tramp bildirib ki, İranla iki həftəlik atəşkəs müddəti bitməmişdən əvvəl razılaşma əldə olunmazsa, onun uzadılması ehtimalı azdır və Hörmüz boğazı yekun razılaşma əldə olunana qədər bağlı qalacaq. O, vitse-prezident Vensin danışıqları davam etdirmək üçün İslamabada gedəcəyini və Vaşinqton vaxtı ilə çərşənbə axşamına kimi hər şeyin məlum olacağını deyib...

Dəfələrlə qeyd etdiyimiz kimi, biz qonşuluğumuzdakı savaşdan heç bir halda  mənfəət uma bilmərik, ona görə bu ölkədəki rejimdən asılı olmayaraq, İranda dinclik bizim faydamızadır. ABŞ və İsrail isə İranı atəşkəs, yoxsa müharibə seçimi qarşısında qoymamalı, bölgədən top-tüfəngini çəkməli, bütün problemləri diplomatiya ilə həll etməlidir.  

Bu müharibə zatən bizə, bölgəmizə artıq öz ziyanını vurub, yaxın illərdə bunun nəticələri bəlkə də daha ağrılı hiss edəcəyik. Amerika “İranı ağıllandıracağam” niyyəti ilə başladığı savaşda bir boğazda ilişib. Tehranda Xamenei rejimindən daha sözdinləməz, daha radikal bir rejim idarəetməyə oturub, savaş “bədheybət İran” ortaya çıxarıb. İndi dünya mediası da yazır ki, Trampın müharibəsi ABŞ-yə dirsək göstərəcək qədər İranı az qala supergüc edib. Bu, bir az şişirdilmiş görünə bilər, amma mövzu bu deyil. Şünki bu faktdır ki, fevralın 28-dək İranın siyasi isteblişmenti birrəngli deyildi, əksinə istənilən mövzuya islahatçıların, hərbi elitanın və ayətullahların öz mövqeyi vardı. Bu da nə qədər parodoksal səslənsə də, İran kimi mürəkkəb dövlətdə siyasi balans yaradırdı. Bir az bədiiləşdirsək, Xeyirlə Şərin, Odla-Suyun birgə yönəltdiyi elitalar isə daha yoxdur, indi ancaq “odla oynayan”, radikal yönətim var. SEPAH generalları hazırkı mövqeləri, belə həssas zamanda yeni raketlərini nümayiş etdirmələri, xüsusilə də Hörmüzlə bağlı israrları ilə ayətullah rejiminə rəhmət oxutdururlar...

 

Nazim SABİROĞLU,
Musavat.com
 

 

Chosen
28
musavat.com

1Sources