Almaniyada nasistlərin hakimiyyətdə olduğu müddət ərzində bir çox xalqların nümayəndələri repressiyaya və ya ölümə məhkum edilib. İllər ərzində konkret olaraq müəyyən rəqəmlər səslənsə də, nasistlərin neçə milyon insanı qətlə yetirdiyi dəqiq məlum deyil. Lakin zaman-zaman müəyyən yerlərdə baş verən hadisələr və məhv edilməyən arxivlər bəzi ərazilərdə ölən insanların sayını ortaya çıxarır.
Məsələn, Rusiya Baş Prokurorluğunun son məlumatına əsasən, 1941-ci ilin iyulundan 1944-cü ilin avqustuna qədər Sovet İttifaqının rayonlarının, şəhərlərinin və digər yaşayış məntəqələrinin işğalı zamanı almanlar və onların əlbirləri 18 mindən çox uşaq da daxil olmaqla, 7 milyondan çox insanı edam ediblər. Özü də bu məlumatlar toplanmış arxiv materialları və son illərdə araşdırılan cinayət işləri əsasında əldə edilib.

Müstəntiqlər 1942-1943-cü illərdə Jestyanaya-Qorka kəndi ərazisində SSRİ vətəndaşlarının kütləvi şəkildə güllələnərək öldürüldüyü "ölüm fabriki"nin yaradıldığını müəyyən ediblər. 2019-cu ildə kəndin yaxınlığındakı kütləvi məzarlıqdan 500-dən çox skelet qalığı tapılıb. Bunlardan 188-i 5-17 yaş arası uşaqlara məxsus olub.
Kütləvi edamlarla yanaşı, nasistlərin işğal etdiyi ərazilərdə çoxsaylı ölümlərə aclıq və xəstəlik, eləcə də hərbi əsir düşərgələrindəki qeyri-insani şərait səbəb olub.
Digər bir fakt. Voronej bölgəsində nasistlər üçün Stalinqraddan Şimali Qafqaza dəmiryol xətti çəkmək üçün 14 həbs düşərgəsi fəaliyyət göstərib. Smolensk bölgəsinin də öz Xatınları olub: 52 kənd bütün sakinləri ilə birlikdə, 855 kənd isə qismən yandırılıb. İşğal zamanı Smolensk bölgəsində ümumilikdə 1600 kənd məhv edilib.
Moskva bölgəsində almanlar Lotoşinski rayonunun Mikulino kəndindəki psixiatriya xəstəxanasının xəstələrini qətlə yetirib və mülki şəxslərin ictimai edamlarını təşkil ediblər. Tver bölgəsindən 23.000 sakin Almaniyaya deportasiya edilib.

Ukraynanın Luqansk vilayətində (müharibə zamanı Voroşilovqrad vilayəti adlanıb) almanlar işgəncələrə məruz qalan insanları mina şaxtasına atıblar. Müəyyən edilib ki, təkcə Luqansk ərazisində işğalçılar 1942-ci ilin iyul ayının ortalarından 1943-cü ilin sentyabr ayına qədər Voroşilovsk, Serqo, Krasnıy Luç, Pervomaysk, Kirovsk və Bryanka şəhərlərində, eləcə də Perevalsk və Popasnyanski rayonlarında 99.000-dən çox insanı öldürüb. Bunlardan 19.200 nəfər güllələnib, 7.800 nəfər işgəncəyə və zorakılığa məruz qalıb, 71.000-dən çox sovet vətəndaşı Almaniyada və digər Avropa ölkələrində məcburi əməyə cəlb edilib, onların çoxu ölüb və ya ailələri ilə əlaqəsini itirib.
Ukrayanın hazırda Rusiyanın işğalında olan Donetsk ərazisində (müharibə zamanı adı Stalinqrad vilayəti olub) öldürülən və işgəncə verilən mülki şəxslərin sayı 174 min nəfəri keçib, 149 mindən çox hərbi əsir işgəncəyə, təhqirə məruz qalıb və ya öldürülüb. Ən azı 252.000 vətəndaş məcburi əməyə cəlb olunmaq üçün deportasiya edilib.

Eyni zamanda Şərqi Prussiyada işğal olunmuş ərazilərin 670.000-dən çox deportasiya edilmiş sakini və hərbi əsiri internat düşərgəsində olub və onlardan 114.000-dən çoxu öldürülüb. Bundan əlavə, Almaniyaya deportasiya edilənlər kölə ticarətinin obyektinə çevriliblər - Köniqsberqdə fəaliyyət göstərən "mübadilə"də hər kəs 1-15 marka arasında dəyişən qiymətlərlə kişi və ya qadın işçi ala bilib.
3-cü reyxdə məcburi əməyə cəlb edilmiş dinc sovet vətəndaşlarının ümumi sayı 4,7 milyon nəfəri keçib və 3,3 milyondan çox hərbi əsir isə ölüb. Hətta nasist partiyasının lideri, reyxin əsas təbliğatçısı və Hitlerin ən yaxın silahdaşı Paul Göbbels öz gündəlik qeydində öldürülən insan sayının çox olmasından şikayətlənib. Bunun pis şey olduğu üçün yox, sadəcə işçi tapa bilmədikləri üçün.

O, 1941-ci ildə çoxlu sayda əsirlərin lazımsız ölümündən və bütün səfərbərliklərdən sonra Almaniyanın üzləşdiyi işçi qüvvəsinin çatışmazlığından şikayətlənib. Əlbəttə ki, 1941-ci ildə və 1942-ci ilin birinci yarısında əsir götürülmüş qırmızı ordu əsgərlərinə müvəqqəti və tranzit düşərgələrində sözün əsl mənasında heç bir yemək və içki verilmirdi ki, bu da aclıqdan geniş yayılmış ölümə səbəb olurdu.
Onlar irəli-geri sürülən sütunlarda məhv edilirdi (sözün əsl mənasında, yolda mümkün qədər çox insanın ölməsini təmin etmək üçün!), yaralılar və qaçanlar güllələnib. Əyləncə üçün itlər tərəfindən hücuma məruz qalıb və məsələn, asılıb. Məlumdur ki, təkcə Bryanskda 142 gündə məşhur Buhenvalddakından daha çox insan ölüb: təxminən 20 nəfərə qarşı 100-150. Total terrorla yanaşı, süni şəkildə təşkil edilən aclıq da mülki əhalinin kütləvi ölümünə səbəb olub. İşğal olunmuş ərazilərdə insanlara aclıq daim əzab verib, az miqdarda ərzaq yalnız alman işğalçılarına və ya onların işə götürdüklərinə çatıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün