EN

70 kiloqram qızılla yaxalanan polkovnik-leytenantın məhkəməsi yekunlaşdı – prokuror cəza istədi

İstanbul hava limanında üzərindən 70 kiloqram qaçaqmal qızıl aşkarlanan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində başlanmış cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə tərəflər mövqelərini açıqlayıb.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış istintaq materialları əsasında keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin irəli sürülmüş ittihamlarla əməlinin tam sübuta yetirildiyini bildirib.

Prokuror məhkəmədən Qəhrəman Məmmədovun təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, bu səs-küylü hadisə İstanbul hava limanında baş verib. Gömrük nəzarəti zamanı polkovnik-leytenantın üzərindən və ya baqajından külli miqdarda – təxminən 70 kiloqram qızıl aşkar olunub. Bu fakt dərhal hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və məsələ beynəlxalq hüquqi müstəviyə çıxıb. İşin ən diqqətçəkən tərəflərindən biri isə bu qədər böyük həcmdə qızılın hansı məqsədlə daşınması, onun mənşəyi və mümkün əlaqəli şəxslərlə bağlı sualların hələ də tam aydınlaşdırılmamasıdır. Rəsmi ittiham əsasən qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə epizodlarını əhatə edir.

İttiham tərəfi məhkəmədə təqdim etdiyi sübutlarla Qəhrəman Məmmədovun qanunsuz fəaliyyətə cəlb olunduğunu və bu əməliyyatın təsadüfi olmadığını vurğulayıb.

Hazırda proses yekun mərhələdədir və yaxın günlərdə məhkəmənin hökmü elan olunacaq. Müdafiə tərəfinin çıxışı və son söz mərhələsi başa çatdıqdan sonra hakimlər kollegiyası qərar qəbul edəcək.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
28
17
musavat.com

10Sources