EN

Siyahıdan kənar "cərrah": Görüntüləri yayılan həkimlə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Gülsüm Əliyeva adlı şəxsin həkim olmadan tibbi prosedurlar həyata keçirdiyi iddia olunur.

Bakıvaxtı.az-ın məlumatıa görə, bu barədə jurnalist Qənirə Ataş paylaşım edib. Belə ki, paylaşılan videoda onun klinik şəraitdə, tibbi formada və əlcəkdə müxtəlif müdaxilələr etdiyi görünür.

İddialara görə, həmin şəxsin tibbi təhsili yoxdur və o, əvvəllər Respublika Xəstəxanasında baş həkimin katibəsi kimi çalışıb.

Bildirilib ki, katibəlikdən sonra o, özünü “cərrahiyəyə transfer etdiyini” iddia edir.

Bakıvaxtı.az-ın sorğusuna cavab verən Analitik Ekspertiza Mərkəzinin mətbuat katibi Mətin Məcidli bildirib ki, Səhiyyə Nazirliyinin həkimlərin reyestri bazasında Gülsüm Əliyevanın adı həkim kimi qeydiyyatda yoxdur. Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Təftiş Komissiyasının təqdim etdiyi “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı”nda (https://e-health.gov.az/media/PlastikCerrahlarSIYAHI_PDF_17.04.2025.pdf) plastik cərrah kimi fəaliyyət göstərmək hüququ olan mütəxəssislər qeyd olunub. Adı bu siyahıda olmayan şəxslərin plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olması qanunvericiliyə zidd hesab olunur.

Məlumatda qeyd edilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrində daimi olaraq planlı yoxlamalar keçirir. Bundan əlavə, vətəndaş şikayətləri əsasında və ya qanun pozuntuları mediada geniş işıqlandırıdıqda, insanların həyat və sağlamlığına mühüm təhlükə yarada biləcək fakta əsaslanan hallarda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aidiyyəti sahibkarlıq subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada plandankənar yoxlamalar keçirilir. Bu yoxlamalar zamanı aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət faktları inzibati qaydada tənbeh olunur:

"Gülsüm Əliyevanın praktik tibb fəaliyyəti ilə bağlı hər hansısa bir təsdiqedici sənəd (tibbi qeydiyyat sənədləri) və ya sübut (xidmətə dair ödəniş qəbzi və.s) təqdim edildiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada Mərkəz tərəfindən nəzarət tədbirinin görülməsi üçün əsas ola bilər.

Təqdim edilən video görüntüdə fəaliyyət ünvanı müəyyən edilmədiyindən və ya müəssisənin adı səsləndirilmədiyindən müvafiq araşdırmanın aparılması üçün məhdudiyyət yaranır".

Qurum vətəndaşlara müraciət edib:

"Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilərlər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir".

Chosen
26
1
turkustan.az

2Sources