EN

Maykl Cekson haqqında yeni filmin nümayiş tarixi açıqlandı

ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Maykl Ceksonun qeyri-adi, lakin qalmaqallarla dolu həyatından bəhs edən yeni film kinoteatrlarda nümayişə hazırlaşır.

Kulis.az xəbər verir ki, kassa rekordları qıracağı gözlənilən bu iddialı ekran işinin ulduzun həyatındakı qaranlıq məqamları əks etdirib-etdirməyəcəyi böyük müzakirə mövzusudur.

"Bohemian Rhapsody"dən sonra Pop Kralı

"Bohemian Rhapsody" filminin yaradıcılıq prosesi olduqca problemli keçmişdi; baş rol ifaçısı Saşa Baron Kohen layihəni tərk etmiş, rejissor Brayan Sinqer isə işdən çıxarılmışdı. Buna baxmayaraq, Freddi Merkyuri və "Queen" qrupu haqqında çəkilən bioqrafik film kassada 900 milyon dollardan çox gəlir əldə edərək 4 "Oskar" qazandı. Bu uğurdan sonra prodüser Qrem Kinqin 2019-cu ildə növbəti layihəsinin Pop Kralı Maykl Cekson barədə olacağını açıqlaması olduqca məntiqli görünürdü.

Lakin bu yeni layihənin ("Michael") açıq-aşkar bir çətinliyi var idi: Ceksona qarşı irəli sürülən uşaq istismarı ittihamları. O, 1994-cü ildə iddiaçılardan biri olan Cordan Çandler ilə məhkəmədənkənar razılaşma əldə etmiş, 2005-ci ildəki cinayət məhkəməsində isə 13 yaşlı oğlana qarşı cinsi qısnama ittihamlarından bəraət almışdı. Filmin prodüserləri arasında yer alan Ceksonun vərisləri BBC-yə verdikləri açıqlamada ulduzun günahsızlığına qəti şəkildə inandıqlarını vurğulayıblar. Bütün bunlara baxmayaraq, iddialar Ceksonun həyat hekayəsinin bir hissəsi olaraq qalır və bu, layihəni doqquz rəqəmli bir Hollivud blokbasterinə çevirmək cəhdini mürəkkəbləşdirir.

Sarsılmaz şöhrət və ulduz heyəti

Analitiklərin fikrincə, "Michael" filmi kassa gəlirlərinə görə "Bohemian Rhapsody"ni belə geridə qoya bilər. 2009-cu ildə 50 yaşında vəfat edən ulduzun populyarlığı o gündən bəri sürətlə artmaqdadır. Hazırda onun "Spotify"da aylıq 64,8 milyon dinləyicisi var. Onun həyatı və musiqisi "Cirque du Soleil"in 2013-cü ildən Las-Veqasda nümayiş olunan "Michael Jackson ONE" şousunun və 2022-ci ildən Brodveydə səhnələşdirilən "Tony" mükafatlı "MJ The Musical"ın əsasını təşkil edir.

2023-cü ildə filmin ssenarisinin Con Loqan ("Qqladiator", "Aviator") tərəfindən yazılacağı və Antuan Fukua ("Təlim günü") tərəfindən idarə olunacağı elan edildi. Ulduz heyətində Kolman Dominqo, Mayls Teller və Nia Lonq kimi aktyorlar yer alır. Baş rolu – Maykl Ceksonu isə onun öz qardaşı oğlu Cafar Cekson canlandırır.

Mürəkkəb irs və "Leaving Neverland" qalmaqalı

İttihamlara baxmayaraq, Ceksonun hələ də niyə bu qədər sevilməsi sualı yaranır. "Financial Times"ın pop musiqi tənqidçisi Lüdovik Hanter-Tilni bunu bir neçə faktorla izah edir:

"Bura hüquqi sübutların olmaması, uğurlu reputasiya idarəetməsi, Ceksonun özünün də atası tərəfindən təzyiqə məruz qalan bir qurban kimi görülməsi və ən əsası, onun təkrarolunmaz bir pop ulduzu olması daxildir."

"The Times"ın mədəniyyət redaktoru Ed Potton isə əlavə edir ki, bu məsələ tamaşaçının "Leaving Neverland" sənədli filmini izləyib-izləməməsindən çox asılıdır. İki gəncin Cekson tərəfindən istismar edildiyini iddia etdiyi həmin sənədli film Ceksonun varisləri tərəfindən "qərəzli hücum materialı" adlandırılıb. Sənədli filmin rejissoru Den Rid yeni "Michael" filminin ssenarisində Cordan Çandlerlə bağlı yalanların olduğunu iddia etsə də, Ceksonun hüquqşünasları Ridin hələ bitməmiş filmi mühakimə etdiyini və onun fikirlərinin böhtan xarakterli olduğunu bildiriblər.

15 milyon dollarlıq dəyişiklik: Qalmaqallar filmdən çıxarıldı

2023-cü ildə aktyorların tətili səbəbindən gecikən çəkilişlər nəhayət 2024-cü ilin əvvəlində baş tutdu. İlkin planlara görə, filmin üçüncü aktı Çandler qalmaqalına və ittihamların Ceksonun həyatına təsirinə həsr olunmalı idi. Lakin sonradan "The New York Times" və "Variety" nəşrləri planda ciddi dəyişikliklərin edildiyini yazdı.

Çəkilişlər bitdikdən sonra hüquqşünaslar Çandlerlə bağlı məhkəmə razılaşmasının şərtlərini (Çandlerin heç bir filmdə təsvir edilə bilməməsi) xatırladaraq, bu qalmaqalın filmə daxil edilməsinin mümkünsüzlüyünü anladılar. Nəticədə, yeni səhnələr yazıldı və 2025-ci ilin iyununda əlavə 22 günlük çəkilişlər aparıldı. Dəyəri 10-15 milyon dollar arasında olan bu əlavə çəkilişlərin xərcini Ceksonun varisləri ödədi. Nümayiş tarixi isə 2025-ci ildən 2026-cı ilə keçirildi.

Hazırkı versiyada film Ceksonun uşaqlıq illərindən başlayaraq avtoritar atasının nəzarətindən qurtulmasını və solo karyerasındakı yüksəlişini əks etdirir. Ekran işi 1988-ci ildə "Bad" turundakı möhtəşəm konsertlə zirvəyə çatır. Yəni filmdə heç bir qalmaqallı və mübahisəli mövzuya yer verilmir.

"Lionsgate" studiyasının nümayəndəsi bu dəyişikliyin filmin "Birinci Hissə – Kralın yaranışı" kimi təqdim olunmasına şərait yaratdığını və gələcəkdə atılmış kadrlarla davam filminin çəkilə biləcəyini də istisna etməyib.

"Michael" filminin premyerası Böyük Britaniyada 22 aprel, ABŞ-də isə 24 aprel 2026-cı il tarixində baş tutacaq.

Gizli duyğu - Ayzek Azimovun hekayəsi

Sel Mikayıl Müşfiqin xatirə muzeyini zədələdi - Foto

Mədəniyyət Nazirliyi "Kulis"i 15 illik yubileyi münasibətilə təbrik etdi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
2
kulis.az

3Sources