EN

Azərbaycanın çoxvektorlu xarici siyasəti Antalya Diplomatiya Forumunda bir daha öz təsdiqini tapdı - ŞƏRH

Bakı, 20 aprel, AZƏRTAC

Son dövrlərdə dünya siyasətində müşahidə olunan gərginliklər, müharibələr və geosiyasi qeyri-müəyyənliklər bir daha göstərir ki, beynəlxalq münasibətlər sistemi yeni bir transformasiya mərhələsinə qədəm qoyub. Böyük güclər arasında rəqabətin daha da dərinləşməsi, bəzi regional münaqişələrin hələ də tam həllini tapmaması və təhlükəsizlik məsələlərinin aktuallığını qoruması dövlətləri daha çevik və uzaqgörən siyasət yürütməyə məcbur edir. Belə mürəkkəb beynəlxalq şəraitdə Antalya Diplomatiya Forumu kimi platformaların rolu daha da artır və təsadüfi deyil ki, bu gün Forum qlobal diqqətin mərkəzində yer alır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

Onun sözlərinə görə, qardaş Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu artıq beynəlxalq dialoqun mühüm və davamlı platformalarından birinə çevrilərək mövqeyini möhkəmləndirməkdədir. “Belə tədbirlər yalnız fikir mübadiləsi üçün deyil, həm də dövlətlər arasında etimadın formalaşmasına xidmət edən vacib diplomatik alətlərdəndir. 5-ci Forumun “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusu ilə keçirilməsi də təsadüfi deyil. Çünki bu gün beynəlxalq münasibətlərdə qeyri-müəyyənlik artıq istisna deyil, əksinə, əsas reallıqlardan biridir. Azərbaycan Prezidenti İlham Əliyevin forum çərçivəsində keçirdiyi görüşlər bir daha göstərdi ki, ölkəmiz artıq təkcə regionda deyil, daha geniş coğrafiyada söz sahibi olan aktora çevrilməkdədir. Bu görüşlər Azərbaycanın etibarlı tərəfdaş imicinin möhkəmləndiyini və beynəlxalq sistemdə rolunun real faktlarla gücləndiyini nümayiş etdirir”, – deyə o vurğulayıb.

Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşün əhəmiyyətini qeyd edən N.Azəri bildirib ki, bu təmas Azərbaycan–Türkiyə münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regionda sabitlik və təhlükəsizliyin əsas dayaqlarından biri kimi çıxış etdiyini bir daha təsdiqlədi. Bu münasibətlər artıq klassik müttəfiqlik anlayışını aşaraq daha yüksək səviyyəli strateji koordinasiyaya çevrilib.

O həmçinin qeyd edib ki, forum çərçivəsində Türk dünyası ilə bağlı aparılan müzakirələr xüsusi önəm daşıyır: “Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, ortaq iqtisadi və siyasi platformaların gücləndirilməsi bu gün artıq zərurət kimi çıxış edir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman ilə görüşü də Türk dünyasının inteqrasiyası baxımından mühüm siqnal kimi dəyərləndirilə bilər. Görüşdə Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi dəstəyin davam etdiriləcəyi və onun TDT-yə müşahidəçi qismində qatılmasının əhəmiyyəti də qeyd olunub”.

N.Azəri bildirib ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə keçirilən görüş isə Azərbaycanın yalnız türk dünyası ilə deyil, daha geniş İslam coğrafiyası ilə də əməkdaşlığı inkişaf etdirmək niyyətini ortaya qoyur: “Vurğulamq yerinə düşər ki, Pakistan kimi ölkələrlə münasibətlər regional sabitlik və qarşılıqlı dəstək baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Moldova Prezidenti Maya Sandu və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşlər Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanın davam etdiyini göstərir. Bu isə ölkəmizin təkcə regional deyil, müxtəlif geosiyasi platformalarda fəal iştirak edən aktor kimi mövqeyini daha da gücləndirdiyini təsdiqləyir. Ümumilikdə Antalya Diplomatiya Forumu bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində passiv müşahidəçi deyil, əksinə, aktiv təşəbbüskar kimi çıxış edir və həm regional sabitliyin təmin olunmasında, həm də qlobal əməkdaşlıq mühitinin formalaşmasında mühüm rol oynayan dövlətlərdən biri kimi mövqeyini hər keçən gün daha da möhkəmləndirir”.

Chosen
22
azertag.az

1Sources