EN

Nicat Abasov: “Ümid edirəm ki, bu nəticə hamımıza əlavə stimul olacaq və növbəti yarışlarda da yaxşı nəticələr əldə olunacaq

Polşanın Katovitse şəhərində keçirilmiş şahmat üzrə Avropa çempionatında gümüş medal qazanan Nicat Abasov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına açıqlama verib. Qitə çempionatının gümüş medalçısı əsas hədəfin medal qazanmaq olduğunu bildirib: “Avropa çempionatına yollanmazdan əvvəl hədəf ən yüksək nəticə idi. Çünki son illər qitə çempionatında Dünya Kubokuna vəsiqə qazansam da, mükafatçılar sırasında yer almamışdım. Ötən il son tur ərəfəsində medallar uğrunda mübarizəni davam etdirirdim. 2025-ci ildəki yarışın son turunda qara fiqurlarla Almaniya təmsilçisi Mattias Blyubaumla heç-heçə oynadım. Yekun nəticədə medal qazana bilmədim, rəqib isə çempion oldu. Ona görə cari ildə əsas hədəf medal qazanmaq idi”. 

Nicat Abasov çempionatın son turunun daha çətin olduğunu söyləyib: “Yarışın sonu bir qədər üzücü alındı. Son turlarda lider mövqeyində idim, 10-cu turda çox vacib qələbəni qazana bilərdim. Həlledici turdan əvvəl Azərbaycanın 3 şahmatçısının çempionluq şansının olması sevindirici idi. Təəssüf ki, alınmdı. Ən çətin fikrimcə 11-ci tur oldu. Sanki çempionatın finalında mübarizə aparırsan. Çempionluq şansımı bəlkə də 10-cu turda əldən buraxdım. Bir gedişə İspaniya təmsilçisini məğlub etmək olardı. Ümumilikdə fəxri kürsüdə iki azərbaycanlının olması ölkə adına böyük uğurdu. Yarışın ikinci yarısını daha yaxşı keçirən Məhəmməd Muradlı da medala layiq idi. Ümid edirəm ki, bu nəticə hamımıza əlavə stimul olacaq və növbəti yarışlarda da yaxşı nəticələr əldə olunacaq”. 

Xatırladaq ki, Polşada keçirilən qitə çempionatında Nicat Abasov gümüş, Aydın Süleymanlı bürünc medal əldə edib. Digər təmsilçimiz Məhəmməd Muradlı isə çempionatı 4-cü yerdə başa vurub. 

Qabil YUSİFOĞLU
XQ

Chosen
7
5
xalqqazeti.az

6Sources