Bakı, 20 aprel, AZƏRTAC
Son illərdə qlobal iqtisadi sistemdə müşahidə olunan transformasiyalar, geosiyasi gərginliklərin artması və ənənəvi tədarük zəncirlərində yaranan fasilələr dövlətləri yeni, daha dayanıqlı və çoxşaxəli nəqliyyat marşrutlarının formalaşdırılmasına sövq edir. Bu baxımdan, Antalya Diplomatiya Forumu müxtəlif regionları təmsil edən ölkələr arasında etimadın gücləndirilməsi və ortaq iqtisadi maraqların uzlaşdırılması üçün mühüm platformaya çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib.
Onun sözlərinə görə, alternativ beynəlxalq nəqliyyat dəhlizləri qlobal ticarətin təhlükəsizliyi və davamlılığı baxımından həlledici rol oynayır.
“Bu dəhlizlər həm yükdaşımaların daha qısa müddətdə və daha az risklə həyata keçirilməsinə imkan yaradır, həm də regionlar arasında iqtisadi əlaqələrin şaxələndirilməsini təmin edir. Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu), Şimal–Cənub nəqliyyat xətti və digər alternativ logistik layihələr xüsusi strateji əhəmiyyət daşıyır. Bu marşrutlar Avrasiya məkanında ölkələri birləşdirərək, Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində ticarət axınlarının daha çevik və dayanıqlı şəkildə təşkilinə xidmət edir. Antalya Diplomatiya Forumu bu layihələrin yalnız müzakirə olunduğu deyil, eyni zamanda, onların inkişafı üçün siyasi iradənin formalaşdığı mühüm beynəlxalq məkandır. Burada aparılan dialoqlar yeni infrastruktur layihələrinin təşviqinə, logistika mərkəzlərinin inkişafına və regionlararası iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yaradır”, – deyə Aqil Camal bildirib.
İctimai Birlik sədri əlavə edib ki, bu prosesdə Azərbaycan və Türkiyənin oynadığı rol xüsusi qeyd olunmalıdır: “Hər iki ölkə strateji coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və həyata keçirilən böyükmiqyaslı layihələr sayəsində Avrasiyada alternativ dəhlizlərin əsas təşəbbüskarları və aparıcı iştirakçıları kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər mühüm infrastruktur layihələri regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artıraraq, Avropa və Asiya arasında daha səmərəli əlaqələrin qurulmasına imkan yaradır. Müasir mərhələdə nəqliyyat dəhlizlərinin inkişafı təkcə fiziki infrastrukturla məhdudlaşmır, eyni zamanda rəqəmsallaşma, gömrük prosedurlarının sadələşdirilməsi və “ağıllı logistika” sistemlərinin tətbiqi kimi innovativ yanaşmaları da əhatə edir. Bu isə beynəlxalq ticarət dövriyyəsinin sürətlənməsinə və xərclərin optimallaşdırılmasına şərait yaradır”.
A.Camal qeyd edib ki, Antalya Diplomatiya Forumu kimi platformalar yeni ideyaların formalaşdığı, ortaq layihələrin təşviq edildiyi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi strateji mərkəz rolunu oynayır. Alternativ nəqliyyat dəhlizlərinin inkişafı isə qlobal iqtisadi sabitliyin mühüm dayaqlarından biri kimi çıxış edir.
Müxbir-Vüqar Qurbanoğlu