EN

Bolqarıstanda yeni siyasi mərhələ: nəticələr açıqlandı - Turan Rzayevin şərhi

Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində keçmiş prezident Rumen Radev tərəfindən dəstəklənən “Mütərəqqi Bolqarıstan” koalisiyası qalib gəlib.

Rəsmi nəticələrə əsasən, koalisiya səslərin təxminən 37,5–38,9 faizini toplayaraq birinci yerdə qərarlaşıb. İkinci yeri 15,4–16,2 faiz səs toplayan GERB-SDS koalisiyası tutub. Üçüncü sırada isə 3,6–14,3 faiz səs alan “Dəyişiklikləri davam etdiririk” və “Demokratik Bolqarıstan” koalisiyaları yer alıb.

Nəticələrə görə, “Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat” 7,5–8,4 faiz, “Dirçəliş” Partiyası 4,9–5,1 faiz, Bolqarıstan Sosialist Partiyası – Birləşmiş Sollar koalisiyası isə 4,1 faiz səs toplayıb.

İlkin hesablamalara əsasən, Radev koalisiyası parlamentdə 135–136 mandat əldə edərək hökumət qurmaq üçün yetərli çoxluğu təmin edir.

Siyasi şərhçi Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Rumen Radevin liderliyi ilə formalaşan yeni siyasi kurs Bolqarıstanın xarici siyasətində mühüm dəyişikliklərə səbəb ola bilər.

Onun sözlərinə görə, Bolqarıstan 2007-ci ildə Avropa İttifaqı-na qoşulsa da, Radevin solçu və avroskeptik mövqeyi diqqət çəkir. O, Rusiya ilə münasibətlərin bərpasını dəstəkləyir və Ukrayna-ya silah verilməsinə qarşı çıxışı ilə tanınır.

Ekspert qeyd edib ki, Radev Brüssel xəttini tam dəstəkləmək əvəzinə milli maraqlara üstünlük verən siyasət yürüdə bilər. Lakin Bolqarıstan iqtisadiyyatının Aİ ilə sıx bağlılığı səbəbindən ölkənin İttifaqdan uzaqlaşması gözlənilmir.

Turan Rzayevin fikrincə, yeni siyasi xətt daha çox müstəqil və balanslı mövqe ilə xarakterizə olunacaq, xüsusilə Ukrayna məsələsində fərqli yanaşmaların ortaya çıxması ehtimalı yüksəkdir.

Chosen
4
news365.az

1Sources