Kardioloq Yekaterina Paukova ürək və damar sağlamlığını gücləndirmək üçün qida rasionuna daxil edilməli məhsulları açıqlayıb.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda lenta.ru-ya danışıb.
Həkimin sözlərinə görə, ürək-damar sisteminin qorunması üçün liflə zəngin qidalar mühüm rol oynayır. Lif qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir. Bu baxımdan paxlalılar – noxud, mərcimək, maş, soya, eləcə də armud, kivi, alma kimi meyvələr və Brüssel kələmi, gül kələmi, çuğundur, badımcan, balqabaq, ispanaq kimi tərəvəzlər tövsiyə olunur. Bundan əlavə, cəfəri, keşniş kimi yarpaqlı göyərtilərin də daha çox istehlakı məsləhətdir.
Kardioloq bildirib ki, ürəyin normal fəaliyyəti üçün kalium və maqneziumla zəngin qidalar da vacibdir. Kalium mənbələri arasında göyərtilər, quru meyvələr (kişmiş və quru ərik), kartof, avokado, banan və bitki əsaslı süd məhsulları (soya və badam südü) yer alır. Maqnezium isə yerfıstığı, keşyu, balqabaq tumu, süd, qəhvəyi düyü, qarabaşaq və kinoa kimi məhsullarda mövcuddur.
Həkim həmçinin polifenollar və antioksidantlarla zəngin qidaların qəbulunu artırmağı tövsiyə edib. Bu maddələr ürək-damar sistemini gücləndirir və damarlarda xolesterin yığıntılarının yaranmasının qarşısını alır. Belə qidalara qara qarağat, göyəmeyvə, böyürtkən, albalı, tərkibində ən azı 70 faiz kakao olan tünd şokolad, soyuq sıxım zeytun yağı və qırmızı soğan daxildir.
Aytəkin TOFİQQIZI