İrlandiya gələn il ərzində Ukraynadan olan qaçqınların yerləşdirilməsi proqramını tamamilə dayandırmağı planlaşdırır.
"Report" xəbər verir ki, Britaniyanın "The Times" qəzeti bu barədə İrlandiyanın ədliyyə, daxili işlər və miqrasiya naziri Kolm Brofiyə istinadən məlumat yayıb.
Dublin hazırda iki mümkün ssenarini təhlil edir: ya Ukrayna qaçqınlarına dəstəyi tamamilə dayandırmaq, ya da onu yalnız döyüşlərdən ən çox təsirlənən bölgələrdən olanlar üçün saxlamaq.
"Biz buna son qoymaq, lap əvvəldən gələn 16 000 insanın o vaxtdan bəri tam dövlət dəstəyi aldığı bir vəziyyətə son qoymaq niyyətindəyik", - qəzet K.Brofinin sözlərini sitat gətirib.
K.Brofi aydınlıq gətirib ki, qayıtmaq qərarına gələnlərə "səxavətli dəstək" göstəriləcək. Qəzetin məlumatına görə, öz ölkələrinə qayıtmaq qərarına gələnlər hazırda adambaşına 2 500 avro və ya ailəsinə 10 000 avro ödəniş tələb edə bilərlər.
"The Times" qəzetinin məlumatına görə, 2022-ci ilin fevralından bəri müharibə səbəbindən Ukraynanı tərk edən 125 000-dən çox insan İrlandiyada müvəqqəti qorunma statusu alıb.
Onlar üçün aylıq ödəniş əvvəlcə 400 avro idi, lakin sonradan 800 avroya qədər artırılıb. Hazırkı müavinət ayda 600 avrodur, lakin hökumət onu yenidən 400 avroya endirməyi planlaşdırır.